Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rəhbəri: “Azərbaycanlılara sevgimiz var”

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rəhbəri: “Azərbaycanlılara sevgimiz var”
# 18 mart 2014 08:45 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Azərbaycan inkişaf etmiş ölkədir və yoxsulluq səviyyəsi aşağıdır. Bizim əsas prioritetlərimiz ətraf mühitin qorunması, abadlaşdırma və yaşıllaşdırmadır. Bundan başqa, biz Azərbaycanda elektron hökumət çərçivəsində metrologiya və patentləşmə ilə bağlı, eləcə də “Azərsu” ilə su təchizatı sahəsində layihələr həyata keçiririk”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında KOİCA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) prezidenti Yon Mok Kim deyib.

İki ölkə arasında əməkdaşlıq barədə danışan KOİCA prezidenti bildirib ki, Azərbaycan Cənubi Koreya üçün dost, tərəfdaş ölkədir: “Bizim tariximiz bənzərdir. Bizim azərbaycanlılara sevgimiz var. Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir və belə bir ölkə ilə əməkdaşlıq etmək vacibdir. Bu əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. Tarixə baxsaq, görərik ki, Azərbaycan çətinliklərdən keçən bir ölkədir, elə Koreya da. Ümid edirəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”.

Azərbaycanla bağlı gələcək planlarından danışan Y. M. Kim qeyd edib ki, KOİCA insan resursları və İKT inkişafı sahəsində layihələr də həyata keçirmək niyyətindədir: “Yuxarıda qeyd etdiyim sahələrdən başqa, neft, qaz və digər texniki layihələrdə, çirkab suların təmizlənməsi işlərində iştirak etmək istəyirik”.

Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra KOİCA-nın bu ərazilərin inkişaf və bərpasında iştirakının mümkünlüyü ilə bağlı APA-nın sualına cavabında Y. M. Kim bu münaqişənin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu söyləyib: “Bizim də bu cür problemlərimiz var. Ümumilikdə KOİCA məcburi köçkünlərə və qaçqınlara kömək etməyə davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR