Azərbaycanda kredit qoyuluşlarının həcmi ötən il 26% artıb

Azərbaycanda kredit qoyuluşlarının həcmi ötən il 26% artıb
# 05 fevral 2014 07:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2014-cü il yanvarın 1-nə 15 422,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 179,2 mln. manat və ya 26,0%, təkcə ötən ilin dekabr ayında kredit qoyuluşları 177,6 mln. manat və ya 1,2% artıb.

Kredit qoyuluşlarının sahələr üzrə strukturunda ötən il dəyişiklik olmayıb və ən iri həcm yenə də istehlak kreditlərinin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 214,7 mln. manat və ya ümumi həcmin 40,3%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi ötən il 1 898,0 mln. manat və ya 44,0% artıb. Göründüyü kimi, istehlak kreditlərinin həcm artımı ümumi göstəricinin 59,7%-ni təşkil edir. Eyni zamanda, bu kateqoriya üzrə artım tempi ümumi göstəricini 1,7 dəfə üstələyir. Bu onu deməyə əsas verir ki, Azərbaycanda kredit qoyuluşlarının artımı əsasən istehlak kreditləri hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra digər sahələr arasında inşaat və əmlak (15,3%), habelə ticarət və xidmət (14,4%) sahələrini qeyd etmək olar.

Kredit qoyuluşlarının strukturunda vaxtı keçmiş kreditlərin həcmi bu ilin əvvəlinə 792,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 44,0 mln. manat və ya 5,9% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 6,1%-dən 5,1%-ə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR