Məhkəmə sabiq nazirin oğlunun prosesə məcburi gətirilməsi haqqında qərar çıxarıb

Məhkəmə sabiq nazirin oğlunun prosesə məcburi gətirilməsi haqqında qərar çıxarıb
# 04 fevral 2014 13:47 (UTC +04:00)

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə bir nəfər şahid dindirilib. Daha sonra dövlət ittihamçısı çıxış edərək məhkəmə istintaqı dövründə kifayət qədər şahidin ifadə verdiyini bildirib və qeyd edib ki, digər 15 şahid ifadəsindən imtina edib. Daha sonra zərərçəkmiş qismində tanınan İsmayıllı rayonun sabiq icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu, sabiq əmək və əhlinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun və onun qohumu Elxan adlı şəxsin məhkəməyə məcburi şəkildə gətirilməsi məsələsinə baxılıb. Bildirilib ki, onlar dəfələrlə məhkəməyə çağırılsalar da, gəlməyiblər. Bunun üçün məhkəmə hər iki şəxsin barəsində məcburi gətirilmə haqqında qərar çıxarıb.

Proses fevralın 10-da davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda, yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılıb və məhkəmə tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb. Tutulmuş və həbsə alınmış şəxslərə hüquq və vəzifələri izah edilib, eləcə də hər biri saxlanıldığı andan müdafiəçi ilə təmin olunub.

Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

Onu da qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR