“Khazar Islands” yaşayış kompleksində ilk birləşdirici körpünün tikintisi başa çatıb - FOTOSESSİYA

“Khazar Islands” yaşayış kompleksində ilk birləşdirici körpünün tikintisi başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 fevral 2013 11:32 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Bakının Bibiheybət qəsəbəsi yaxınlığında, dənizin üzərində salınan yeni şəhər tipli “Khazar Islands” («Xəzər adaları») yeni yaşayış kompleksinin tikintisi çərçivəsində ilk birləşdirici körpünün tikintisinin başa çatması ilə əlaqədar mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə layihəni həyata keçirən “Avesta” konserninin rəhbəri Hacı İbrahim İbrahimov bildirib ki, “Khazar Islands”ın dəyəri ilkin olaraq 100 mlrd. dollar həcmindədir.

Hazırkı dövrə qədər 1 mlrd. 200 mln. dollara qədər vəsait xərcləndiyini deyən İ.İbrahimov bildirib ki, yeni yaşayış kompleksidə 1 mln. insanın yaşayışı nəzərdə tutulur. 3 mərhələdə həyata keçiriləcək layihənin real dəyəri nəzərdə tutulandan 5% artıq və ya az ola bilər: “Bu layihəni 2030-cu ilə tam başa çatdırmaq planlaşdırılır. Kompleksdə hündürlüyü 1050 metr olan dünyanın ən hündür binası tikiləcək. Binanın tikintisinə 2017-ci ildə başlamaq planlaşdırılır. Bu binanın dəyəri 3 mlrd. dollar həcmində qiymətləndirilir. Bina gələcəkdə Azərbaycana turistlərin cəlb edilməsi hesabına xeyli gəlir gətirə bilər”.

İ.İbrahimov qeyd edib ki, bu ilin yayında yeni kompleksdə bulvarın bir hissəsinin, həmçinin restoran və çimərliklərin açılması planlaşdırılır.

Qeyd edək ki, dənizdə süni arxipelaq üzərində salınacaq «Khazar Islands» 55 müxtəlif ölçülü adadan ibarət olacaq. Arxipelaqın özü uzunluğu 8 km, eni 3 km olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək. Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq.

«Khazar Islands»da biznes və ticarət obyektləri, 150 məktəb, 50 bağça və xəstəxanalar, kinoteatr, teatr, restoran və ticarət mərkəzləri tikiləcək. Ümumilikdə, kompleksdə 22 mln. kv. metri yaşayış sahəsi, 8 mln-u mənzillər, 4 mln-u ticarət və biznes sahələri, daha 4 mln-u isə otellər və apartamentlər təşkil edəcək.


Layihənin özəlliklərinə hündürlüyü 1 km-dən yüksək olan «Azərbaycan qülləsi» ilə yanaşı, ayrıca adada yerləşəcək aeroport, ralli trası və universitetlər üçün kampusun yaradılması da daxildir. Gələcəkdə «Khazar Islands»ın inzibati idarəetmə sisteminin - meriyanın yaradılacağı və layihəyə şəhər statusu veriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR