«Azər-Türk Bank»ın aktivləri ötən il 31% artıb

«Azər-Türk Bank»ın aktivləri ötən il 31% artıb
# 27 fevral 2013 12:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 85,263 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 31,4% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32,6% artaraq 51,882 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 21,631 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 28,6% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 37,3% artaraq 3,338 mln. manata, vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 0,2 faiz bəndi artaraq 6,4%-ə çatıb.

Bankın depozit portfeli 2012-ci ildə 13,0% azalaraq 25,735 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 17,813 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 13,7% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 6,2% artaraq 13,733 mln. manat, o cümlədən nizamnamə kapitalı 5,2% artaraq 12,243 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 21,5% artaraq 29 327, o cümlədən fiziki şəxslərin sayı 23,1% artaraq 28 365, hüquqi şəxslərin sayı 11,7% azalaraq 962 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 2 843-ə bərabər olub ki, bu da illik müqayisədə 12,8% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 14,4% artaraq 1 840-a, kredit kartların sayı 9,9% artaraq 1 003-ə çatıb.

Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı, 43 POS-terminalı fəaliyyət göstərir. Bankın 136 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR