Takaşi Sasakava: «Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək»

Takaşi Sasakava: «Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək»
# 27 fevral 2013 11:13 (UTC +04:00)

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə İKT sektorunda həyata keçirilən işlərlə bağlı məlumat verərək bildirib ki, «Azerspace-1» telekommunikasiya peykinin orbitə buraxılması ilə bu sahədə yeni bir mərhələnin başlanğıcı qoyulub. Növbəti telekommunikasiya peykinin orbitə çıxarılması üçün hazırlıq işlərinin aparıldığını qeyd edən nazir Azərbaycan-Yaponiya kosmik sektor seminarının ölkələr arasında bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyini deyib. Hər iki ölkəni təmsil edən şirkətlərin bu seminar çərçivəsində daha geniş əlaqələr qura biləcəyini diqqətə çatdıran Ə.Abbasov İKT sektorunun bir çox seqmentləri üzrə Yaponiyanın Azərbaycan üçün yaxşı tərəfdaş ola biləcəyini vurğulayıb.

Yaponiya nümayəndə heyətinə rəhbərlik edən «Mitsubishi Electric Corporation»un vitse-prezidenti Takaşi Sasakava Bakıda «Azərbaycan-Yaponiya kosmik sektor seminarı»nın keçirilməsinə göstərilən dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığını bildirib və qeyd edib ki, bu tədbirlərin Azərbaycanda keçirilməsinin əsas məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafının təmin edilməsi və ikitərəfli əməkdaşlığa töhfə verilməsidir. Azərbaycanda İKT sektorunun inkişafından məmnunluğunu ifadə edən qonaq, qarşılıqlı əməkdaşlıq üçün münbit şəraitin olduğunu diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı üzrə dünyanın aparıcı ölkələrindən hesab olunan Yaponiya Azərbaycanla təcrübələrini bölüşməyə hazırdır. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasını yüksək qiymətləndirən qonaq bu istiqamətdə Azərbaycanın böyük potensiala malik olduğunu, yaxın gələcəkdə ölkənin regional kosmik sənaye mərkəzinə çevriləcəyini xüsusi vurğulayıb. Nümayəndə heyətinin tərkibində sahə üzrə ixtisaslaşan özəl şirkətlərin olduğunu qeyd edən T.Sasakava Azərbaycan şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR