Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ictimaiyyətə təqdim olunub

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ictimaiyyətə təqdim olunub
# 25 yanvar 2013 11:45 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan qazını Gürcüstandan keçməklə Türkiyəyə nəql edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilir. «APA-Economics»in məlumatına görə, layihənin operatoru olan BP şirkəti elan edib ki, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin (CQBKG) Azərbaycan hissəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırdır və tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək məqsədilə ictimaiyyətə təqdim olunur. Qeyd edək ki, layihənin Gürcüstana aid hissəsini əhatə edən uyğun sənəd Gürcüstanda hazırlanır və yekunlaşma mərhələsindədir.

ƏMSSTQ sənədinin asanlıqla əldə edilə bilməsi üçün layihə variantının nüsxələri ictimai yerlərdə, o cümlədən bir sıra kitabxanalarda yerləşdirilib. Bundan əlavə, tədqiqatların qeyri-texniki aspektlərini əhatə edən qısa xülasələr ictimai informasiya mərkəzləri kimi bir sıra yerlərdə paylanılacaq, boru kəmərinin marşrutu boyunca yerləşən kəndlərdə isə icmalar üçün məlumat bukletləri əhaliyə təqdim olunacaq. Sənədin ictimaiyyətə təqdim olunduğu müddət ərzində ƏMSSTQ-nin layihə variantına dair rəy və təklifləri qəbul etmək və nəzərə almaq məqsədilə bu sənədlərə rəy formaları da əlavə olunub. Sənədin layihə variantı həm Azərbaycan, həm də ingilis dilində «BP-Azerbaijan» şirkətinin veb-saytında (www.bp.com/xezer) da yerləşdirilib.

ƏMSSTQ sənədində boru kəməri boyunca ətraf mühitin və sosial sahənin mövcud vəziyyəti, obyektin layihəsi, inşası və istismarı, planlaşdırılan fəaliyyətlərin proqnozlaşdırılmış təsirləri, həmçinin ekologiyaya və əhaliyə hər hansı potensial əks təsirlərin qarşısının alınması, minimuma endirilməsi və azaldılması üçün görüləcək tədbirlər təsvir olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR