Nuşirəvan Məhərrəmli: “Telekanalların musiqi studiyalarında əyləşənlərin səviyyəsi çox aşağıdır”

Nuşirəvan Məhərrəmli: “Telekanalların musiqi studiyalarında əyləşənlərin səviyyəsi çox aşağıdır”
# 25 noyabr 2014 09:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Telekanallarda olan yaxşı verilişlər xaricdə adama başucalığı, bir pis veriliş isə başaşağılığı gətirir”. APA-nın məlumatına görə, bu sözləri sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqinin nəticələrinə dair keçirilən konfransda millət vəkili Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı “Azərbaycan Dil Qurumu” İctimai Birliyi yaratdıqlarını nəzərə çatdırıb. Onun fikrincə, teleproqramlar hazırlanarkən dünya coğrafiyası da düşünülməlidir: “Mən Tatarıstanda olanda gördüm ki, bizim verilişləri izləyirlər. Biz necəyiksə, təhsilimiz, qanunlarımız, ədəbiyyatımız nə səviyyədədirsə, telekanallarımız da o səviyyədədir. Təhsildə, digər sahələrdə səhvlər telekanallarda səhvlərə gətirib çıxarır”.

S. Rüstəmxanlı bəzi ailələrin uşaqlara Azərbaycan dilini sevdirmədiyini söyləyib: “Bir uşaqdan soruşdum ki, niyə Azərbaycan dilində danışmırsan? Dedi ki, Azərbaycan dilini sevmirəm. Mən yayda pansionata gedirəm, hətta orta səviyyəli məmurların uşaqlarının dayələrindən biri də Azərbaycan dilində danışmır. Bu dayələr uşaqlara dilimizi necə öyrədəcək? Aparıcılar da bizim içimizdən çıxır. Bəzən istedadlı şəxslər qıraqda qalır, qohum-əqrəbalarını aparıcı götürürlər. Bəziləri Türkiyə teleseriallarına baxırlar, elə bilirlər ki, o cür danışmaq lazımdır. Lakin dilimizin türk dili ilə zibillənməsi fikri ilə razı deyiləm, Avropa və digər dillərdən keçən sözlərə xüsusi diqqət yetirilməlidir. Vacib halda Anadolu türkcəsi ilə dilimiz zənginləşirsə, tutaq ki, “əhəmiyyətli” sözü əvəzinə “önəmli” sözü işlədilirsə, bunu nöqsan kimi qeyd etmək olmaz. Türk dillərində 1 milyard söz var, biz bu sözlərdən yararlanmalıyıq”.

S. Rüstəmxanlı xatırladıb ki, prezident İlham Əliyev də məktəbi rus dilində qurtarıb, lakin Azərbaycan dilində çox gözəl danışır: “Ancaq aktrisa Azərbaycan dilində danışa bilmirsə, niyə telekanala buraxılır? Nə cür olur ki, meyxananı bir vaxt ortaya qoymazdılar, indi isə telekanallardan düşmür? Əvvəllər camaat toylarda muğama qulaq asanda, uşaqlar hasarın dibində meyxanaya qulaq asardılar. Meyxananın səviyyəsi də bir səviyyə deyil. Əgər telekanallar bizə bunu gətirirlərsə, bu bizə lazım deyil”.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli də S. Rüstəmxanlının fikirləri ilə razılaşıb: “Deyirlər ki, televiziyalar cəmiyyətin aynasıdır. Ancaq cəmiyyətin bütün eybəcərliklərini efirə gətirmək düzgün deyil”.

N. Məhərrəmli telekanalların musiqi studiyalarında əyləşənlərin səviyyəsinin çox aşağı olduğunu vurğulayıb: “Bu gün dünyaya muğamımızı göstəririk, dünya qəbul edir. Ancaq bir vaxt küçədə avara uşaqların musiqi ritmlərini sanki yüksək musiqi əsəri kimi təqdim edirik. Bu, düzgün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR