Paşha Bank
Bank Of Baku

Deputat: Azərbaycançılıq ideologiyası milli birliyin, tarixi Zəfərin və regionda davamlı sülhün əsas dayaqlarından biridir

Hikmət Babaoğlu

© APA | Hikmət Babaoğlu

# 30 oktyabr 2026 18:27 (UTC +04:00)

“Azərbaycançılıq ideologiyası Azərbaycanın milli birliyinin, tarixi Zəfərin və regionda davamlı sülhün əsas dayaqlarından biridir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda olduqca maraqlı çıxış edib, Azərbaycanın multikultural mühitindən danışdı: “Cənab Prezident, eyni zamanda, Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsündən çıxış etməyə nə qədər dərin mənəvi haqqının olduğunu, əslində, ifadə etmiş oldu. Azərbaycanın təşəbbüsü ilə hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda fərqli mədəniyyətlərin Azərbaycanda olduğu kimi, dünyada da sülh, bərabərlik və əməkdaşlıq kontekstində bir arada olduğu zaman mədəniyyətin güc qazandığına işarə etdi. Mədəniyyət hər nə qədər xalqların inkişaf tarixində əldə etdikləri maddi və mənəvi dəyərlərin məcmusu kimi qiymətləndirilsə də, əslində, mədəniyyət həm də xalqların milli gücüdür.

Bu milli gücün və bu universal yumşaq gücün kökləri nə qədər rəngarəngdirsə, zəngindirsə, mozaikdirsə, mədəniyyət adlı yumşaq gücü daha qüdrətli edir. Azərbaycan Prezidenti bu kontekstdə Azərbaycanın milli gücünü təhlil edərkən bunun zəngin köklərinə toxundu. Beləliklə, Azərbaycan Prezidenti öz çıxışında bu gün regionda ədalətli sülhün əldə olunmasında və onun qorunmasında milli mədəniyyətimizi və azərbaycançılıq ideologiyasını bunun əsas mənbəyi kimi göstərdi.

Nitqdə ardıcıllıq belə idi: Birinci, fərqliliklərin bizi güclü etməsi və bizi qələbəyə gətirməsi, ikincisi, yenə bu fərqliliklərin bizim mental sülh məntiqimizin formalaşması və qalib ölkə kimi müharibədən dərhal sonra sülh quruculuğu prosesinə başlamamız və sülh təşəbbüsündən çıxış etməyimiz.

Bu kontekstdə mənə elə gəlir ki, Azərbaycan Prezidenti azərbaycançılıq ideologiyasını universal ideoloji və siyasi model kimi təqdim etdi.

Azərbaycançılıq ideologiyasının tarixi kökləri

Hikmət Babaoğlu azərbaycançılıq ideologiyasını ümummilli ideologiya kimi müəyyənləşdirərkən Ulu Öndər Heydər Əliyevin azərbaycançılığı necə təsvir etdiyini xatırladıb: “Ulu Öndər azərbaycançılığı belə təsvir edirdi: Azərbaycançılıq Azərbaycan tarixinə, Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə və mənəviyyatına sahib çıxmaqla Qərbdən gələn universal dəyərləri sintez etməklə Azərbaycanı gücləndirməkdir.

Burada biz azərbaycanlı mənəviyyatı deyərkən, azərbaycanlı mentaliteti deyərkən, məhz bu multikultural və etnik mozaik keçmişimizə diqqət etməliyik. Yəni bu, azərbaycançılığın tarixi kökləridir, əsrlər boyu müxtəlif dil, müxtəlif mədəniyyət və müxtəlif etnik köklərin Azərbaycanda birləşərək vahid azərbaycanlı mentalitetini yaratmasıdır.

Sosioloji kontekstdə isə ortaq azərbaycanlı identikliyinin formalaşmasıdır. Bu, azərbaycançılığın tarixi köklərinin siyasi, etnik və mədəni hissəsidir.

Bir də azərbaycançılığın tarixi köklərinin dini tərəfi var. Bu da Azərbaycanda əsrlər boyu müxtəlif səmavi dinlərin müxtəlif dövrlərdə dövlət dini səviyyəsinə qalxmasıdır.

Milladdan öncə tanrıçılıq dəyərləri və inanc sistemi Azərbaycanda imperativ idi. Xristianlıq yaranarkən Azərbaycanda Roma xristianlığından daha əvvəl - 333-cü ildə Çar Mömin Vaçaqanın dövründə Albaniyada azərbaycançılığın dövlət dini səviyyəsinə qaldırılmasıdır. Bundan sonra iudaizmin, yəni yəhudiliyin yenə 600-cü illərdə Xəzər Xaqanlığı tərəfindən qəbul edilərək dövlət dini səviyyəsinə qaldırılmasıdır. 650-ci illərdən sonra isə İslamın gəlişi ilə Azərbaycanda İslamın mənimsənilməsinin və onun dövlət dini səviyyəsinə qaldırılması hadisəsidir. Yəni Azərbaycanda azərbaycançılıq ideologiyasının etnik baxımdan multikultural əsasları olduğu kimi, dini baxımdan da multikultural əsasları var.

Böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyev azərbaycançılıq altında danışarkən, ona görə Azərbaycan mentalitetini, azərbaycanlı mentalitetini irəli sürüb. Doğrudan da, bu gün azərbaycanlı mentaliteti və sosial kimliyi müxtəlif dini və etnik əsaslarda formalaşan mentalitetdir. Mentalitet isə bir millətin milli mənəviyyatı, milli psixologiyası və milli xarakteridir. Azərbaycançılıq bu gün hər bir azərbaycanlının etnik kökündən və hansı dildən mənsubiyyətindən asılı olmayaraq, milli və fərdi xarakteridir. Çünki nəticə etibarilə milli xarakter dediyimiz hadisə cəmiyyət təşkilatının ayrı-ayrı fərdlərin fərdi xarakterinin cəmidir”.

Azərbaycançılıq ideologiyası tarixi Zəfərə aparan yoldur

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, əslində, bu Azərbaycanı dünyaya yenidən təqdim etdi: “Mənə elə gəlir ki, ən son Azərbaycan Prezidenti azərbaycançılıq ideologiyasını və azərbaycanlılığı real siyasi güc kimi təsvir etdi. Bu hansı ardıcıllıqla baş verdi?

- Azərbaycanlı olmaq və azərbaycançılıq ideologiyası, ilk növbədə, Azərbaycanı 1993-cü illərin əvvəllərində vətəndaş müharibəsindən qurtardı.

- İkincisi, azərbaycançılıq ideologiyası Azərbaycanı zorla cəlb edilmək istədiyi etnik separatçılıqdan qurtardı.

- Üçüncü mərhələdə isə məhz Heydər Əliyevin azərbaycançılıq ideologiyası bütöv Azərbaycanı erməni işğalından qurtardı.

Yəni azərbaycançılıq ideologiyası həm tarixən Azərbaycanda xilasedici missiya yerinə yetirərək Azərbaycanı qüdrətli edib, həm də ən yeni tariximizin son 35 ilində azərbaycançılıq ideologiyası Heydər Əliyevin bu ideologiyanı yenidən cəmiyyətə təqdim etməsi ilə bizi xaosdan, qarşıdurmadan, vətəndaş müharibəsindən, etnik separatçılıqdan qurtararaq böyük tarixi zəfərə gətirib. Bax, azərbaycançılıq budur, azərbaycançılıq ideologiyası bundan ibarətdir”.

Hikmət Babaoğlu qeyd edib ki, azərbaycançılıq bugünkü sülhü mental olaraq bizdə formalaşdıran əsaslardır: “Məsələnin ən əhəmiyyətli və ən strateji tərəflərindən biri odur ki, 44 günlük müharibədə bu azərbaycançılıq nə qədər canlı bir orqanizm olduğunu, vahid dövlət ətrafında necə güclü bir aidiyyət hissi ilə dövlətə mənsubiyyət hissi ilə birləşdiyini bir daha sübut etdi. Bu gün azərbaycançılıq Azərbaycan cəmiyyətində daha da inkişaf edir və milli güc olaraq həm ümumi rifahımızı, həm də beynəlxalq münasibətlər sistemində dövlətimizin güc olduğu mənbəni formalaşdırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR