Azərbaycanda «təmiz» mobil telefon dövrü başlayır - TƏHLİL

Azərbaycanda «təmiz» mobil telefon dövrü başlayır - <span style="color: red;">TƏHLİL
# 01 may 2013 11:18 (UTC +04:00)

Mayın 1-dən Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) işə düşüb və ölkədə istifadə olunan bütün mobil rabitə cihazları bu sistemdə qeydiyyatdan keçməli olacaq. Bu tarixdən etibarən ölkədə mənşəyi bilinməyən, orijinal olmayan və oğurluq telefonların istifadəsi mümkün olmayacaq. «APA-Economics»in məlumatına görə, Nazirlər Kabinetinin təsdiqlədiyi «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»na əsasən, MCQS-də bütün mobil telefonlar və digər mobil cihazlar qeydə alınacaq. Mobil telefonun orijinal olub-olmadığı onun IMEI koduna əsasən müəyyən edilir. IMEI - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyasını (eyniləşdirməni) göstərən nömrədir.


«Ağ», «qara» və «boz» siyahılar

MCQS-də qeydə alınan mobil cihazlar qanuniliyinə görə bir neçə kateqoriyaya bölünəcək. Qanuni qeydiyyata alınan və leqal şəkildə istifadə edilən telefonlar «ağ siyahıya» daxil ediləcək. Oğurlanmış, ölkəyə qaçaq yolla gətirilmiş, qeydiyyata alınmayan və araşdırma nəticəsində sahibi bəlli olmayan, IMEI nömrələri Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilməyən, təkrar IMEI nömrələri olan, eləcə də başqa ölkələrdə oğurlanmış mobil telefonlar isə «qara siyahıya» daxil ediləcək. «Qara siyahı»da olan mobil telefonlara xidmət göstərilməyəcək. Yəni, bu telefonlardan istifadə etmək mümkün olmayacaq.

«Qara siyahı»da olan mobil cihazlara xidmət göstərənlər isə ciddi cəzalandırılacaq. İnzibati Xətalar Məcəlləsinə bir qədər əvvəl edilən dəyişikliklərə əsasən, buna yol verən vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 10 min manat miqdarında, ikinci belə hala görə vəzifəli şəxslər 4 min manat, hüquqi şəxslər 20 min manat, üçüncü dəfə isə vəzifəli şəxslər 5 min, hüquqi şəxslər 25 min manat cərimələnəcək.

«Boz siyahı»ya isə ölkəyə mayın 1-dən sonra gətirilən və hələlik qeydiyyatdan keçməyən telefonlar və ya uzun müddətdir ki, vətəndaşların evində olan amma hələ istifadə olunmayan telefonlar daxil ediləcək. Vətəndaşlar xüsusi müraciət məntəqələrinə bu telefonlar barədə məlumat verməli və bu telefonun mənşəyi araşdırılmalıdır. Əgər problem olmasa, bu telefonlar da «Ağ siyahı»ya daxil ediləcək və onların istifadəsinə imkan veriləcək. Vətəndaş belə telefonunu 1 ay müddətinə qeydiyyata aldırmasa, bir ayın tamamında həmin telefon qara siyahıya daxil ediləcək.

Mobil telefonlar necə qeydə alınacaq?

Ölkə vətəndaşları elə indi də *1677 nömrəsinə zəng etməklə və ya www.imei.gov.az saytına daxil olmaqla telefonlarının leqal olub-olmadığını dəqiqləşdirə bilər. Bu sistemin işə düşməsi nəticəsində mobil telefonun alışı zamanı onun IMEI kodunun yoxlanması məcburi prosedura çevriləcək. IMEI kodunda problem olan, yəni kodu saxta və ya təkrarlanan olan mobil cihazların istifadəsi mümkün olmayacaq.

Mobil telefonların IMEI kodlarının qeydiyyatı GSM operatorların xidmət mərkəzlərində pulsuz həyata keçiriləcək. Artıq bununla əlaqədar olaraq mobil telefon operatorlarının əməkdaşları müvafiq treninqlər də keçiblər. Gələcəkdə isə IMEI kodların poçt şöbələrində də qeydiyyatı mümkün olacaq.

Xaricdən gətirilən telefonlar necə qeydə alınacaq?

Ölkəyə satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları idxal edən şəxslər idxal etdikləri, ölkə daxilində belə cihazların istehsalı ilə məşğul olanlar isə istehsal etdikləri mobil cihazlar barədə göstəriciləri təqdim etməklə həmin cihazların qeydiyyatı üçün qeydiyyat mərkəzinə müraciət etməlidirlər.

Azərbaycana mobil cihazları satış məqsədilə gətirənlər hüquqi şəxs olduqda, dövlət qeydiyyatı barədə sənədin, fiziki şəxs olduqda isə şəxsiyyətini təsdiq edən sənədin surətini, vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti, cihazın uyğunluq sertifikatının surətini təqdim etməlidir.

İdxal olunan telefonların IMEI kodları gömrük orqanlarına təqdim ediləcək və onlar gömrük orqanları tərəfindən qeydiyyata alınaraq sistemə daxil ediləcək. Ona görə də həmin cihazlar satışa çıxarılanda onları alan istifadəçilərin cihazları təkrar olaraq qeydiyyata salmağa ehtiyac qalmayacaq. Onlar artıq qanuni yolla idxal olunduğu üçün sistemdə «Ağ siyahı»da olacaqlar. Yəni, vətəndaşlar belə telefonları mağazadan alanda artıq onların nömrələri «Ağ siyahı»da olacaq.

Şəxsi istifadə üçün gətirilən telefonlar

Azərbaycana mobil telefonu şəxsi istifadə məqsədilə gətirənlər də onların qeydiyyata alınması üçün bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət etməli olacaqlar. Mobil cihazların qeydiyyatı ilə bağlı qaydalar ölkəyə poçt vasitəsilə göndərilən cihazlara da aiddir. Yeni qaydalara görə, şəxsi istifadə üçün ölkəyə gətirilən mobil cihazlar uzağı 30 gün ərzində qeydə alınmalıdır. Əks halda, onlar «Qara siyahı»ya daxil ediləcək. Amma bu qaydalar Azərbaycanda rouminq xidmətindən istifadə edən xaricilərə, o cümlədən turistlərə aid deyil.

IMEI kodunu Beynəlxalq GSM Assosiasiyası verir

IMEI kodları mobil cihazlar istehsal edən şirkətlərə Beynəlxalq GSM Assosiasiyası tərəfindən və yalnız leqal istehsalçılara verilir. Qeyri-rəsmi yolla telefon istehsal edən şirkətlər və ya müəssisələrin bu assosiasiya ilə əlaqəsi yoxdur və onlar təşkilatdan heç bir kod almır. Onlar sadəcə istehsal etdikləri telefonlara istədikləri rəqəmi IMEI kodu kimi verirlər. Təbii ki, bu cihazların IMEI kodları Beynəlxalq GSM Assosiasiyasının bazasında qeydə alınmır. Elə buna görə də həmin cihazlar qanunsuz sayılır.

Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin əməkdaşı Zakir Qasımov «APA-Economics»ə bildirib ki, hazırda dünyada müxtəlif yollarla, yəni oğurluq və s. vasitələrlə əldə edilən və ya qanunsuz istehsal edilən (yəni «klonlaşdırılmış») çoxlu sayda telefon var. Onlar dünyanın müxtəlif ölkələrindən Çin, Malayziya, Tailand və Birləşmiş Ərəb Əmirliklərinə gətirilərək onların üzərində müəyyən yenilənmə işləri aparılır: «Sonra isə həmin telefonlar bu sistemin olmadığı ölkələrə ixrac edilir. Məsələn, 2006-cı ilədək belə telefonlar Türkiyəyə də göndərilirdi, amma 2006-cı ilin sonunda bu sistem qurulandan sonra bu telefonların Türkiyəyə göndərilməsi dayandırılıb».

Oğurlanan telefonlar işləməyəcək

Yeni sistemin gətirdiyi ən mühüm yenilik odur ki, mobil telefon itdikdə və ya oğurlandıqda ona xidmət göstərilməsi dayanır, yəni bu telefon işləmir. Yeni qaydalara görə, mobil telefonu itən və ya oğurlanan şəxs həmin telefona xidmət göstərilməsinin məhdudlaşdırılması üçün qeydiyyat mərkəzinə müraciət edə bilər. Bu müraciət nəticəsində telefona xidmət kəsilir. Həmin cihazdan istifadəyə icazə verilməsi üçün də (məsələn, telefon tapıldıqda) abunəçi eyni qayda ilə qeydiyyat mərkəzinə müraciət etməlidir.


Telefon oğurluqlarına son qoyulacaq

Azərbaycanda da MCQS-nin işə düşməsi mobil telefonlardan daha rahat və təhlükəsiz istifadəsinə imkan verəcək, telefon oğurluğu heçə enəcək. Qeyd edək ki, indiyədək mobil telefon oğurluqları xırda oğurluqların geniş yayılan növlərindən biri olub. Hüquq-mühafizə orqanının əməkdaşı, kriminal ekspert Cabir Yusifov «APA-Economics»ə bildirib ki, hər ay təkcə Bakı şəhərində orta hesabla 100-ə yaxın telefonların itməsi və ya oğurlanması faktı aşkar edilirdi. Özü də bu yalnız polisə müraciət olunan hallar idi. Mobil oğurluq və ya itkilərin real sayı bundan da artıqdır. İtən telefonların müxtəlif üsullarla axtarılmasına baxmayaraq, ən yaxşı halda onların yalnız yarısı tapılırdı. Özü də telefonların axtarışı bir neçə həftədən bir neçə aya kimi, bəzən isə bir ildən artıq davam edirdi.

Ən pisi odur ki, hətta mobil telefon tapılanda da, onun oğurluq olduğunu bilməyərək mağazadan satın almış alıcının ona verdiyi pul özünə qaytarılmır, başqa sözlə «vicdanlı alıcı» vəziyyətin qurbanına çevrilirdi.

Yeni sistemin tətbiqi nəticəsində artıq telefon oğurlamaq mənasız işə çevriləcək. Çünki oğurluq mobil telefonlarından istifadə etmək mümkün olmayacaq. Telefonu oğurlanmış və ya itmiş vətəndaşın 4 rəqəmli telefona zəng edərək bu barədə məlumat verməsi kifayətdir ki, oğurlanan telefona xidmət dayandırılsın. Bundan sonra, həmin telefondan istifadə etməyə cəhd edilərsə, bu addım oğurluq etmiş şəxsin ifşasına səbəb olacaq. Oğurlanmış mobil telefonun IMEI kodu beynəlxalq qara siyahıya da salınacaq, nəticədə onu digər ölkələrdə də istifadə etmək mümkün olmayacaq.

Ümumiyyətlə, xarici ölkələrin təcrübəsi göstərir ki, belə sistem işə düşəndən sonra mobil telefonların oğurlanması minimuma enəcək, itmiş telefonlar telefonun sahibinə qaytarılması şansı dəfələrlə artacaq.

Qeyd edək ki, artıq dünyada MCQS-in tətbiqi yayılmaqdadır. Bu sistem inkişaf etmiş ölkələrin əksəriyyətində işləyir, inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilməkdədir. Demək olar ki, bütün ölkələrdə bu sistemin tətbiqi, mobil telefon oğurluğunun, ümumiyyətlə mobil telefonlarla bağlı cinayət hadisələrinin kəskin azalmasına səbəb olub.

«Mobil amnistiya»

Azərbaycanda yeni qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar olaraq mayın 1-dək istifadə olunan telefonlara «amnistiya» verilmişdir. Yəni, mayın 1-dək istifadə olunmuş telefonlar mənşəyindən asılı olmayaraq leqal sayılacaq və bundan sonra da problemsiz istifadə edilə bilər. Yeri gəlmişkən, RİTN rəsmiləri bununla əlaqədar olaraq əhaliyə məsləhət görmüşdülər ki, hazırda istifadə etmədikləri telefonlara sim-kart daxil edib bir neçə dəfə istifadə etsinlər ki, bu telefonlar da qeydiyyat sistemində leqal telefon kimi qeydə alınsın. İstifadəçi nömrəsini dəyişəndə bu telefona xidmət dayandırılacaq. Nömrə dəyişməsə isə telefonun köhnəlib xarab olanadək ondan istifadə etmək mümkün olacaq. Yeri gəlmişkən, bir qayda olaraq telefonların mənəvi və fiziki köhnəlmə dövrü 2-3 il çəkir. Ondan sonra həmin telefonlar dəyişdirilir.

Qeyd edək ki, aprelin sonunadək MCQS-də 8 mln-dan artıq mobil cihaz qeydə alınıb. Ölkədə 10 mln-dan artıq abunəçinin olduğunu nəzərə alsaq, qalan 2 mln. abunəçi telefonlarını yeni qaydalara uyğun olaraq (məsələn, mobil operatorların xidmət mərkəzlərinə müraciət etməklə) qeydə aldıra biləcəklər.

Yeni sistemin telefonların qiymətinə təsiri

İri telefon brendlərinin Azərbaycandakı distribütorları bildirir ki, Mobil Cihazların Qeydiyyat Sisteminin tətbiqi mobil telefon distribütorlarından çox, istehlakçının keyfiyyətli malla təmin olunmasına, dövlətin iqtisadi maraqlarının qorunmasına, mobil telefon istehsalçılarının maraqlarına və vətəndaşların əmlaklarının qorunmasına yönəlmiş bir vasitədir: «Distribütorlar üçün isə bu sistem ancaq qeyri-sağlam rəqabəti aradan qaldıracaq, çünki ölkəyə idxal olunan mobil telefonlara çəkilən xərclər eyniləşəcək və distribütorlar və ya idxalçılar ancaq öz xidmətlərinin və məhsullarının keyfiyyəti ilə rəqabət apara biləcək və istehlakçıların məmnunluğunu qazanmaq uğrunda mübarizə aparacaq, bundan da qazanan ancaq istehlakçılar olacaq».

«Nokia» telefonlarının Azərbaycandakı rəsmi distribütoru olan «Mobitel» şirkətinin nümayəndəsi Cümşüd Əliyev «APA-Economics»ə bildirib ki, təxmini hesablamalara görə «boz telefonlar» ümumi bazarın 15-20%-ni təşkil edir: «Boz telefon» deyəndə, istehsalçı tərəfindən lazımi keyfiyyətlə istehsal olunan, ancaq müəyyən əraziyə satış üçün göndərilməyən mobil telefonlar nəzərdə tutulur. Bura digər ölkələrdə ucuz qiymətə alınaraq qeyri-qanuni yolla respublikaya idxal olunan mobil telefonlar, nəhəng mobil operatorlar üçün istehsal olunmuş və sonradan gizli şifrələri sındırılmış və çox ucuz qiymətə satılan telefonlar, sadəcə oğurlanmış telefonlar, istifadə olunmuş telefonların xarici görünüşünü dəyişməklə yeni telefon kimi satmaq üçün gətirilənlər daxildir». Bundan əlavə, «qara telefonlar» deyilən bir məhsul da var ki, bu, Beynəlxalq GSM Assosiasiyasına daxil olmayan istehsalçılar tərəfindən digər vendorlara məxsus IMEI-lərlə təchiz olunmuş, standartlara uyğun olmayan mobil telefonlardır.

İlkin ehtimallara baxmayaraq C.Əliyev yeni sistemin işə düşməsinin qiymətlərə təsir etməyəcəyini bildirir: «Bəziləri düşünür ki, bu sistemdən sonra mobil telefonların qiyməti artacaq, amma mən fikirləşirəm ki, əksinə qiymətlərin endirilməsi daha realdır. Sistem işə düşdükdən sonra qanunsuz idxal azalacaq. Distribütorlar daha qaçaqmalla mübarizə aparmayacaqlarına görə, öz səylərini yeni xidmətlər və məhsullar təklif etməyə yönəldəcəklər. Bu da bazarda sağlam rəqabətə səbəb olacaq».

Yeni sistemin tətbiqi nəticəsində artıq bir neçə ildən sonra mağazalardakı telefonların hamısı orijinal olacaq, çünki orijinal olmayan telefonlardan istifadə etmək mümkün olmayacaq. Yeni qaydalar təkcə mobil telefonlara deyil, eləcə də SIM-kart qəbul edə bilən bütün cihazlara, o cümlədən planşetlərə də şamil ediləcək. Yəni mobil telefon bazarında gözlənilən dəyişikliklər bu sahədə də baş verəcək.

Məqalə «Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri» mövzusunda КИВ nümayəndələri arasında keçirilən müsabiqə çərçivəsində hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR