Nyu Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair qətnamə qəbul edib

Nyu Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair qətnamə qəbul edib
# 29 yanvar 2013 08:47 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası yanvarın 28-də keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəminə dair qətnamə qəbul edib. APA-nın məlumatına görə, yekdilliklə qəbul edilən qətnamədə 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın son 20 il ərzində öz suverenliyini və müstəqilliyini gücləndirdiyi və bölgənin ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir: “2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir”.

Sənəddə bildirilir ki, Qarabağ və Naxçıvan da daxil olmaqla 33440 kv. mil əraziyə malik Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ABŞ və BMT tərəfindən tanınır.

Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur: “Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqi və strateji tərəfdaşıdır. 11 sentyabr terror hücumlarından sonra Azərbaycan ABŞ-a hərtərəfli dəstək verib, Əfqanıstana sülhməramlı qüvvələr göndərib, hər iki ölkə kütləvi qırğın silahlarının yayılmaması və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq edir”.

Sənəddə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir, Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusilə vurğulanır.

Azərbaycanın Nyu Meksiko ştatı ilə münasibətlərin inkişafına böyük önəm verməsi və ştat paytaxtı Santa Fe şəhərində Azərbaycanın fəxri konsulunun fəaliyyət göstərməsi, xüsusi qeyd olunur, ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da inkişaf etdirməsinin zəruriliyi vurğulanır.

Qətnamə qəbul edildikdən sonra onun nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib. Baş konsul millət vəkillərinə belə bir qətnamənin qəbuluna və Azərbaycan-ABŞ münasibətlərinə verdikləri önəmə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu, Nyu Meksiko ştatının parlamenti tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.

Nyu Meksiko ştatı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunın konsulluq dairəsinə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR