CAR-da “Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır” adlı konsert keçiriləcək

CAR-da “Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır” adlı konsert keçiriləcək
# 30 oktyabr 2014 11:14 (UTC +04:00)

Bakı – APA. Noyabrın 12-13-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilmiş “Qəbələdən Yohannesburqa. Musiqi sərhəd tanımır” adlı klassik musiqi konserti keçiriləcək.

Azərbaycanın CAR-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycanın CAR-dakı səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, habelə CAR-da fəaliyyət göstərən “Azərbaycan Dostları” adlı qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilib.

Yohannesburq Filarmonik Orkestri istedadlı azərbaycanlı dirijor Yalçın Adıgözəlov, solistlər Səidə Tağı-zadə və Aleksey Miltyuxun iştirakı ilə Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və başqa korifeylərin yaradıcılığından klassik musiqiləri ifa edəcək. Konsert proqramına həmçinin Sevda İbrahimovanın ilk dəfə “Linder” konsert zalında səslənəcək “Etiraflar” adlı dünya premyerası daxil edilib.

Qeyd edək ki, bu il Yohannesburq Filarmonik Orkestri hər il təşkil edilən Qəbələ Musiqi Festivalında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR