«Şahdəniz» konsorsiumu yaxın günlərdə Azərbaycan qazını Avropaya nəql edəcək boru kəmərini müəyyənləşdirəcək

«Şahdəniz» konsorsiumu yaxın günlərdə Azərbaycan qazını Avropaya nəql edəcək boru kəmərini müəyyənləşdirəcək
# 27 iyun 2012 15:53 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Azərbaycan və Türkiyə arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi üzrə sənədlərin imzalanmasına münasibət bildirən R.Abdullayev qeyd edib ki, Azərbaycan və Türkiyə əl-ələ verərək həm onlar, həm də bütün Avropa üçün böyük strateji önəm daşıyan bu layihəni birlikdə gerçəkləşdirəcək: «TANAP Türkiyənin daxili bazarına təbii qaz tədarük olunması, qardaş ölkənin enerji təhlükəsizliyinin təmin olunması üçün müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Eyni zamanda bu layihə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımından mühüm töhfədir».

Avropa ölkələrinə qazın hansı yolla nəql olunacağı haqda son qərarın 2013-cü ildə veriləcəyini bildirən R.Abdullayev onu da qeyd edib ki, bu günlərdə «Şahdəniz» konsorsiumu yataqdan hasil olunacaq təbii qaz həcmlərini Mərkəzi Avropaya nəql edəcək boru kəmərləri arasında («Nabucco West» və «South East European Pipeline» layihələri arasında) seçim edəcək: «Seçiləcək variant və «Trans Adriatic Pipeline» (TAP) boru kəməri layihəsi son qərarın çıxarılması prosesində bərabər hüquqda nəzərdən keçiriləcək».

R.Abdullayev həmçinin bildirib ki, ARDNŞ artıq bu gün boru kəmərinin texniki-iqtisadi araşdırmalarının yerinə yetirilməsi istiqamətində addımlar atmaqdadır: «Biz bundan sonra da türkiyəli həmkarlarımızla birlikdə əlimizdən gələni edəcəyik ki, TANAP layihəsi «Şahdəniz» yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində təbii qaz hasil olunana qədər həyata keçirilsin».

Qeyd edək ki, iyunun 26-da İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə TANAP layihəsi üzrə sənədlərin imzalanması mərasimi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR