Bakıda Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyasının II konqresi keçirilir

Bakıda Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyasının II konqresi keçirilir
# 27 sentyabr 2012 10:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyasının II konqresi keçirilir.

«APA-Economics»in məlumatına görə, konqresdə Türkiyə, Azərbaycan, Rumıniya, Çernoqoriya, Sarayevo, Kosovo, Makedoniya, Serbiya, Orta Asiya və Gürcüstanı təmsil edən sahə həmkarlar ittifaqlarının nümayəndələri iştirak edir.

Tədbirdə Federasiya prezidenti Cemail Bakındı Avrasiya Federasiyasının I Konqresindən sonra görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib, bu sahədə Azərbaycanla Türkiyə arasında olan əlaqələrdən danışıb.

Konqresdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxış edərək, bu təşkilatın 2007-ci ildə yaradıldığını bildirib: «Federasiyaya 12 dövlətin həmkarlar təşkilatının iş qurumları daxildir. Federasiyanın ilk konqresi 2007-ci ildə İstanbulda keçirilib və həmin qurultayda ikinci konqresin Bakıda keçirilməsi nəzərə alınıb. Bu gün bu tədbir Bakıda keçirilir və bu konqresin ölkə üçün çox böyük əhəmiyyəti var».

S.Mehbalıyev daha sonra iştirakçılara Azərbaycan iqtisadiyyatında aparılan islahatlar, əldə olunan nailiyyətlər, o cümlədən yoxsulluğun aradan qaldırılması, ölkədə yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun inkişafı və ölkənin ərzaq təhlükəsizliyi haqqında geniş məlumat verib.

Qeyd edək ki, konqres bu günün sonunadək davam edəcək, tədbir çərçivəsində Federasiyaya rəhbər orqanların seçilməsi və Federasiyanın 2012-2017-ci illər üçün fəaliyyət proqramı təsdiq ediləcək.

Xatırladaq ki, federasiyanın sədri Cemail Bakındı, sədr müavinləri Mehmet Avdaqıc, Tofiq Quliyev, Zoran Georgiyevski, Robert Urjumelaşvili, baş katib Mehmet Karadaş, baş katibin müavini isə Recep Ali Çelikdir.

Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası 2007-ci ildə Avrasiya bölgəsində fəaliyyət göstərən sahə həmkarlar ittifaqlarının işçilərin qanuni hüquqlarının qorunması, layiqli əmək, azad, demokratik sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində üzləşdikləri oxşar problemlərin həllinə dəstək verilməsi, bölgədə yerləşən transmilli şirkətlərlə danışıqların aparılması prosesində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin təşkilini həyata keçirmək məqsədi ilə yaradılıb. Federasiya 5 ildən bir öz konqresini keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR