Abşerondakı internat evində uşaqlara qarşı kobud rəftara yol verilməsi faktı aşkarlanıb

Abşerondakı internat evində uşaqlara qarşı kobud rəftara yol verilməsi faktı aşkarlanıb
# 10 aprel 2012 10:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Ötən il təhsil hüququnun pozulması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) ünvanına 182 şikayət daxil olub. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Ombudsmanın 2011-ci il üzrə illik hesabatında bildirilib.

Hər bir şikayət üzrə araşdırma aparılıb, zəruri hallarda monitorinqlər həyata keçirilib, təhsil sahəsində bir sıra problemlər təhlil edilib: “Şikayətlərin təhlili göstərib ki, bir çox məktəbdə müəllim-şagird münasibətləri lazımı səviyyədə tənzimlənməyib, bəzi müəllimlər isə yeni nəslin inkişafı və tərbiyəsi sahəsində öz məsuliyyətini hələ də yetərincə dərk etmirlər. Ötən il bir sıra şikayətlərdə əksini tapmış pozulmuş təhsil hüququnun bərpası istiqamətində Müvəkkilin müdaxiləsi müsbət nəticəsini verib. Orta məktəblərdə bəzən tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin üzərinə düşən vəzifələri qanunla müəyyən edilmiş qaydada icra etməməsi, valideyn-şagird münasibətlərinin pozulması də haqlı narazılıqlara və vətəndaş şikayətlərinə səbəb olub. Müvafiq şikayətlər üzrə aparılmış yoxlamalar nəticəsində günahkar tədris işçiləri cəzalandırılıblar”.

Hesabatda vurğulanıb ki, ali və orta ixtisas təhsili müəssisələrində imtahan və məqbulların keçirilməsi zamanı biliyin test vasitəsilə qiymətləndirilməsi üsulunun tətbiq edilməsi məqsədəmüvafiqdir.

Müvəkkilin təşəbbüsü ilə işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin, kobud rəftarın qarşısının alınması məqsədilə aparatın nəzdində yaradılmış Çevik Araşdırma Qrupuna aid 24 saat fəaliyyət göstərən “qaynar xətt”, habelə hüququ pozulmuş uşaqların problemləri ilə bağlı “916” nömrəli “qaynar xətt” fəaliyyətini davam etdirib, daxil olan məlumatlar əsasında araşdırmalar aparılıb, tədbirlər görülüb. Məlumat üzrə araşdırma nəticəsində aşkar edilən halların aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması ilə bağlı Müvəkkilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətindən sonra 7 saylı internat evinin (Abşeron rayonu, Saray qəsəbəsi) sanitarı uşaqlara qarşı kobud rəftara yol verdiyinə, direktoru isə zəif nəzarətə görə işdən azad edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR