Səlim Müslümov: «Azərbaycanda məcburi pensiya yığım sisteminin dərəcəsinin artırılması hələ tezdir»

Səlim Müslümov: «Azərbaycanda məcburi pensiya yığım sisteminin dərəcəsinin artırılması hələ tezdir»
# 10 fevral 2012 11:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sığorta-pensiya sahəsində yığım sisteminin hazırkı 3%-lik faiz dərəcəsinin artırılması hələ tezdir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu bu gün Bakıda Azərbaycanda sığorta-pensiya sisteminin 2020-ci ilə qədər inkişafı və proqnozları üzrə təqdim edilən konsepsiyasını şərh edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bəyan edib.

S.Müslümovun sözlərinə görə, konsepsiyada məcburi yığım sistemində yığım dərəcəsinin əmək haqqının 3%-dən 5%-dək artırılması tövsiyə edilirsə, Azərbaycanda bu məsələ ilə tələsmək olmaz. «Artıq bir neçə ölkədə, məsələn, Macarıstanda bu sistemdən ümumiyyətlə imtina edilib. Fikrimizcə, bu prosesə əvvəl könüllü yığım sisteminin tətbiqi ilə başlamaq lazımdır. Artıq bizə müraciətlər olunur ki, bizdə belə bir sistem yaradılsın ki, insanlar yığım edə bilsinlər», - deyə S.Müslümov bildirib. Həmçinin, Fondun sədri vurğulayıb ki, bu yığımların DSMF tərəfindən aparılması insanlar arasında potensial özəl pensiya fondlarına etibarın olmaması ilə əlaqədardır.

Qeyd edək ki, həmin konsepsiya DSMF və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin birgə təşkilatçılığı əsasında ABŞ-ın «Overture Finansial» şirkəti tərəfindən demoqrafik, makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin hazırkı vəziyyəti əsasında hazırlanıb. Konsepsiyada əsasən pensiya sistemində yığım prinsipinə keçid, Fondun tam özünü təmin edilməsinə, pensiyaçıların sosial rifahın yaxşılaşdırılmasına, hazırda müşahidə olunan pensiyaların orta məbləğinin ən azı orta aylıq əmək haqqının 40%-i səviyyəsində saxlanması kimi məsələləri əhatə edir. Həmçinin, konsepsiyada pensiya sistemi üzrə müxtəlif (baza, pis, yaxşı) proqnozlar təqdim edilib.

S.Müslümovun sözlərinə görə, konsepsiya çox yaxşı hazırlanıb və onun əsas bəndləri düzgündür: «Əlbəttə, biz bu konsepsiyanı diqqətlə təhlil edirik. Müəyyən məsələlərdə düzəlişlər edilə bilər, lakin ümumilkdə bu konsepsiya uzunmüddətli strategiya kimi qəbul oluna bilər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR