Kür çayı üzərində inşa olunan yeni körpü gələn il istifadəyə veriləcək

Kür çayı üzərində inşa olunan yeni körpü gələn il istifadəyə veriləcək
# 06 sentyabr 2012 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Salyan rayonunun Çuxanlı kəndi ərazisində, Kür çayı üzərində yeni körpü inşa olunur.

«Azəryolservis» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Ələt-Astara avtomobil yolunun 54+410-cu km-dən başlayan körpünün tikintisi 55+800-cü km-də başa çatacaq. İki gediş və iki gəliş üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 362,92 metr, yanaşma yolları 1 037,08 metr, qabariti isə 24,5 metr təşkil edəcək, 6 dayaqlı körpünün aşırımlarından 4-ü kəsilməz tir sistemli, 1-i isə kəsilən tağvari fermalı, sonradan gərginləşdirilmiş dəmir-beton tirlərdən ibarət olacaq.

Artıq layihə üzrə bütün dayaqlarla yanaşı, 3 ədəd dairəvi, 1 ədəd düzbucaqlı boru, 1 ədəd heyvan keçidi və eni 9 metr, hündürlüyü 5 metr olan tunelin tikintisi başa çatdırılıb. Hazırda uzunluğu 151,08 metr olan ən böyük aşırım qurğusunda estakadalar qurulub, digərlərinin isə tikintisinə hazırlıq gedir. Ümumilikdə layihə üzrə tikinti işlərin 48%-i yerinə yetirilib. Layihənin 2013-cü ilin iyul ayının sonunda başa çatdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR