Azərbaycanda icbari avtomobil sığortası indiyədək 30 mln. manata yaxın sığorta haqqı yığılıb

Azərbaycanda icbari avtomobil sığortası indiyədək 30 mln. manata yaxın sığorta haqqı yığılıb
# 04 iyun 2012 12:05 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda «İcbari sığortalar haqında» qanunun tətbiqinə başlanıldığı vaxtdan indiyədək İcbari Sığorta Bürosu (İSB) tərəfindən icbari avtomobil sığortası üzrə 29,2 mln. manat həcmində sığorta haqqı yığılıb.
İSB-dən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə ümumilikdə 388,8 min sığorta müqaviləsi bağlanılıb ki, bunun da 80,8 mini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 (bir) ay müddətinə bağlanan sığorta müqavilələri təşkil edib.
Bu ilin may ayında isə müvafiq sığorta növünü aparmağa icazəsi olan 11 sığorta şirkəti tərəfindən 8,9 mln. manat həcmində sığorta haqqı yığılıb. Ötən ay sözügedən sığorta növü üzrə ümumilikdə 118,4 min sığorta müqaviləsi bağlanılıb ki, bunun da 19,1 mini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 (bir) ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.
Xatırladaq ki, İSB 2011-ci ilin sonundan fəaliyyət göstərir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə Büroya 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər birinə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.

Hazırda Büroya «Paşa Sığorta», «Standard Insurance», «Azərsığorta», «AXA-Mbask», «İpək Yolu Sığorta», «Atəşgah Sığorta», «AtaSığorta», «Xalq Sığorta», «AzSığorta», «Alfa Sığorta» və «Meqa Sığorta» şirkəti daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR