Azərbaycanın iqtisadi inkişaf naziri İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya nazirini qəbul edib

Azərbaycanın iqtisadi inkişaf naziri İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya nazirini qəbul edib
# 17 sentyabr 2012 13:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb.

Ş.Mustafayev qarşılıqlı rəsmi və işgüzar səfərlərin, təşkil edilən biznes forum və işgüzar görüşlərin ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb. Görüşdə Azərbaycan və İndoneziya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilib, işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.

İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri H.Racasa ikitərəfli əlaqələrin inkişafında ölkələrin böyük potensiala malik olduğunu vurğulayıb.

Nazirliyin məlumatında deyilir ki, İndoneziya nümayəndə heyəti ilə Azərbaycan Sənaye və Energetika Nazirliyində, Dövlət Neft Şirkətində, Əmlak Məsələləri Dövlət Komitəsində və Dövlət Neft Fondunda görüşlər keçirilib.

Qeyd edək ki, həmçinin bu gün Azərbaycan-İndoneziya biznes forumu keçirilib. Forum çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığa dair 3 sənəd imzalanıb. Forumda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İndoneziya Ticarət və Sənaye Palatası arasında, Azpromo ilə İndoneziya Ticarət və Sənaye Palatası arasında, eləcə də Azərbaycanın Gənc Sahibkarlar Şəbəkəsi ilə İndoneziyanın Gənc Sahibkarlar Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR