«Azercell» nüfuzlu beynəlxalq mükafata layiq görülüb

«Azercell» nüfuzlu beynəlxalq mükafata layiq görülüb
# 03 sentyabr 2012 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti ikinci dəfə nüfuzlu Beynəlxalq Biznes Mükafatına («International Business Awards 2012» - «Stevie») layiq görülüb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu dəfə «Azercell» Azərbaycanda reallaşdırılan maraqlı və önəmli sosial məsuliyyət layihəsi olan «Karbon Kalkulyatoru»na görə bürünc mükafat qazanıb.

«International Business Awards 2012» müsabiqəsinə ümumilikdə 50 ölkədən müxtəlif şirkət və fərdi şəxslərdən 3 200 müraciət daxil olub: «Bu cür gərgin rəqabət şəraitində iki ay ərzində aparılan müzakirələr əsnasında ilkin qaliblər seçilib. Yekun seçim mərhələsində «Azercell» iki nominasiya üzrə «Stevie» mükafatının laureatı elan olunub. Şirkətin 2012-ci il «Yeni nəslin Karbon Kalkulyatoru» nominasiyası «İlin ictimaiyyətlə əlaqələr departamenti» və «İlin kreativ heyəti» kateqoriyaları üzrə «Stevie» mükafatı qazanıb».

Qeyd edək ki, «Azercell»in “Karbon Kalkulyatoru” layihəsi qlobal iqlim dəyişikliyinin qarşısını almağa yönələn təşəbbüslərdən biridir. Kalkulyator gündəlik həyatda atmosferə ifraz olunan karbon qazının miqdarını hesablayıb, ətraf mühitə hansı dərəcədə təsir göstərdiyinizi aydın şəkildə görməyə və izləməyə imkan verir. «Azercell»in veb-saytında yer alan bu layihənin köməyi ilə hər bir şəxs qlobal iqlim dəyişikliyinə öz təsirini azaltmaq, ətraf mühitə qarşı zərərsiz tərzdə davranmaq üçün müxtəlif tövsiyələr tapa bilər.

Xatırladaq ki, «Stivie» yalnız dünya miqyasında əhəmiyyətli iş görən şirkətlərə təqdim olunur. Müsabiqənin məqsədi müxtəlif ölkələrdə uğur qazanmış şirkətlərin tanıdılması, onların fəaliyyətinin qiymətləndirilməsidir. Belə ki, 2002-ci ildən etibarən 60-dan çox ölkənin şirkətləri və fərdi şəxsləri «International Business Awards» müsabiqəsində qalib olub. Bu il müsabiqənin 10 illiyi münasibətilə gümüş və bürünc «Stevie» mükafatları da təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR