Sabah yeni metro tunelinin «Memar Əcəmi» stansiyasının altından keçən hissəsi qazılacaq

Sabah yeni metro tunelinin «Memar Əcəmi» stansiyasının altından keçən hissəsi qazılacaq
# 05 sentyabr 2012 12:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı metropoliteninin yeni çəkilən xəttinin qazılmasında yaranan ləngimələrin səbəbi həmin ərazidə geoloji vəziyyətin gözlənildiyi kimi olmamasıdır.

«APA-Economics»in sözlərinə görə, bu barədə «AzərTunelMetroTikinti» ASC-nin sədri Şaiq Əfəndiyev bildirib.

Onun sözlərinə görə, söhbət «Avtovağzal» stansiyasından başlayaraq «Memar Əcəmi-2» stansiyası və ondan sonrakı stansiyalara istiqamətlənən tunellərin qazılmasından gedir: «Bu tunellərdən biri - sol tərəfdəki tunelin çəkilişi uğurla başa çatıb, orada heç bir problem olmayıb. Hazırda mütəxəssislər bu istiqamətdə 2-ci tunelin qazıntısını həyata keçirirlər. Bununla əlaqədar olaraq Bakı Metropoliteninin bəzi stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb. Əslində onlar işləyə də bilərdi, amma insanların təhlükəsizliyi ən əsas amil olduğuna görə hərəkətin dayandırılması qərara alındı».

Ş.Əfəndiyev deyib ki, sabah qazıntı işləri “Memar Əcəmi” stansiyasının bilavasitə altında aparılacaq: «Artıq biz bu gün həmin sərhədə çatmışıq. Sabah saat 10-dək ikinci tunelin “Memar Əcəmi” stansiyasının altından keçən 40-42 metrlik hissəsi də qazılacaq».

Qazıntı işlərində sürətin azalması isə işlərin aparıldığı ərazidə suyun gözləniləndən artıq olması ilə bağlıdır. «Geoloji kəşfiyyat bu qədər su olacağını göstərməmişdi. İndi isə su çay kimi axır. Amma bunun qarşısını ala bilirik. Müvafiq texnikadan istifadə etməklə bu şəraitdə də işləri davam etdiririk. Bu vəziyyət işlərin sürətinə mane olur» - deyə ASC sədri qazıntının sürətinin azalmasının səbəblərini izah edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR