Balakəndə baş verən zəlzələ nəticəsində dağılan və qəzalı vəziyyətə düşən tikililərin ilkin sayı açıqlanıb

Balakəndə baş verən zəlzələ nəticəsində dağılan və qəzalı vəziyyətə düşən tikililərin ilkin sayı açıqlanıb
# 15 oktyabr 2012 08:39 (UTC +04:00)
Balakən rayon icra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, zəlzələdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə 600 evə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, zəlzələ nəticəsində 10 ev uçub, 590 ev isə qəzalı vəziyyətə düşüb. Bundan başqa, zəlzələ nəticəsində 2 məktəb binasına, 1 xəstəxanaya, 1 məscidə, 1 Mədəniyyət Evi, 1 poçt şöbəsi və 1 icra nümayəndəliyə məxsus binaya ziyan dəyib.

İH-dən həmçinin bildirilib ki, zəlzələdən dərhal sonra rayona xeyli sayda çadır gətirilib.
Hazırda FHN əməkdaşlarından ibarət işçi qrup yerlərdə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Qeyd edək ki, dünən Azərbaycanın şimal-qərb bölgəsində bir birinin ardınca bir neçə zəlzələ baş verib. Zəlzələ Balakən və Zaqatalada daha çox hiss olunub. Balakən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, təkanları güclü olub, əhali evlərindən və iş yerlərindən çıxıb. İH-dən onu da bildiriblər ki, təkanlar nəticəsində tikintilərdə müəyyən dağıntıların olması barədə məlumat daxil olub.

Respublika Seysmoloji Xidmət Mərkəzi ötən gün ərzində Azərbaycanın şimal-qərb bölgəsində altı təkanın qeydə alınması barədə məlumat yayıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev APA-ya bildirib ki, zəlzələ baş verən zaman yıxılaraq kəllə-beyin travması alan Kortala kənd sakini, 1936-cı il təvəllüdlü Zinədova Xacabanu Məhəmməd qızı xəstəxanaya yerləşdirilib. O, gecə dünyasını dəyişib.

H. Nuriyev həmçinin qeyd edib ki, ötən gün baş verən zəlzələdən sonra 40 çağırış olub, 5 nəfər isə xəstəxanaya müraciət edib. Həmin şəxslərin əksəriyyəti qorxu və həyəcandan stress keçiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR