Gürcüstan paytaxtında “Avropa Birliyi - Şərq tərəfdaşlığı” mövzusunda I Forum keçirilib

Gürcüstan paytaxtında “Avropa Birliyi - Şərq tərəfdaşlığı” mövzusunda I Forum keçirilib
# 24 mart 2012 14:44 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın paytaxtı Tiflis şəhərində “Avropa Birliyi-Şərq tərəfdaşlığı” mövzusunda I Forum keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstanın Avropa və Avroatlantik İnteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin aparatı və Polşanın Şərq Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Forumu Gürcüstanın Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri, baş nazirinin müavini Georgi Baramidze açıb. Toplantıda Avropa Birliyinə (AB) üzv olan ölkələrin və “Şərq tərəfdaşlığı” ölkələrinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının, biznes dairələrinin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib. Tədbirdə Azərbaycanı iki QHT nümayəndəsi və Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi təmsil edib.

Forumun işində müxtəlif mövzular üzrə 4 sessiya fəaliyyət göstərib. Birinci sessiya “Şərq tərəfdaşlığı ölkələrində ticarət və investisiya”, ikinci sessiya “Şərq tərəfdaşlığı ölkələri regionunda münaqişələrin tənzimlənməsi”, üçüncü sessiya “Viza rejiminin liberallaşdırılması”, dördüncü sessiya isə “Şərq tərəfdaşlığı ölkələrində müasir təhsil” mövzularına həsr olunub.

Forumda çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü təklif edib ki, AB tərəfindən “Dağlıq Qarabağ xalqının problemlərinin həll edilməsi üçün” Dağlıq Qarabağa birbaşa gediş-gəliş təmin olunsun. Azərbaycan səfirliyinin nümayəndəsi bu təklifə ciddi etiraz edib. Forum iştirakçılarının nəzərinə çatdırılıb ki, bu təklifin qəbul olunması AB-nin dəstəklədiyi ərazi bütövlüyü prinsipinin pozulması kimi qiymətləndiriləcək. Qeyd olunub ki, hər hansı “Dağlıq Qarabağ xalqı” termini qəbuledilməzdir. İşğal olunmuş ərazilərdə yalnız 2 kateqoriya xalq - münaqişə nəticəsində məcburi köçkünə çevrilmiş azərbaycanlılar və həmin ərazidə yaşayan erməni icması nəzərdə tutulur və hər hansı digər terminologiyadan istifadə qəbuledilməzdir.

Azərbaycan səfirliyindən APA-ya bildirilib ki, səfirlik nümayəndəsinin etirazı iştirakçılar tərəfindən qəbul olunub.

I Forumun işinə Gürcüstanın baş naziri Nika Gilauri yekun vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR