Bakı Slavyan Universitetinin ikinci korpusu açılıb

Bakı Slavyan Universitetinin ikinci korpusu açılıb
# 15 sentyabr 2012 09:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Slavyan Universitetinin (BSU) ikinci korpusunun əsaslı təmirdən sonra açılışı olub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Kamal Abdulla Bakı Slavyan Universitetinin 2000-ci ildə keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə yaradıldığını deyib: “Həmin vaxt bizim universitetdə ixtisasların sayı az idi. Bu illər ərzində biz öz istiqamətimizi, hədəfimizi dəqiq müəyyənləşdirdik. İxtisasların sayını artırdıq. Bu gün Bakı Slavyan Universitetini Avropa ölkələrində tanıyırlar. Universitetin ikinci korpusunun əsaslı təmirə ehtiyacı vardı. Azərbaycan hökuməti tərəfindən bina müasir standartlara cavab verən şəkildə təmir olunub və tələbələrin, müəllimlərin istifadəsinə verilib. Bizim universitetin nüfuzu yüksəkdir. Biz bunu qorumağı bacarmalıyıq”.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev BSU tələbələrinin hər zaman fərqləndiyini bildirib: “Mən bu universitetdə gördüyüm demokratik mühiti digər universitetlərdə görməmişəm. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan qalib oldu və bu qalibiyyəti də bizləri Bakı Slavyan Universitetin tələbəsi Eldar Qasımov yaşatdı”.

Qeyd edək ki, BSU-nun ikinci korpusu beş mərtəbədən ibarətdir. Korpusda auditoriyalar, kitabxana, tələbə klubu, qiraət zalı əsaslı şəkildə təmir olunub. Binanın qarşısında abadlıq işləri görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR