Azərbaycanın fond bazarı son bir ildə 55% artıb

Azərbaycanın fond bazarı son bir ildə 55% artıb
# 25 iyul 2012 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2012-ci ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, iclası giriş sözü ilə açan komitənin sədri Rüfət Aslanlı cari ilin ilk 6 ayı ərzində dünya iqtisadiyyatında müşahidə olunan əsas meyllərdən bəhs edərək, qlobal iqtisadiyyatda gərginliyin davam etdiyini, dünyanın aparıcı iqtisadiyyatlarının qeyri-sabit dinamika ilə inkişaf etdirilməsi və borclanma xərclərinin artdığı barədə danışıb. R.Aslanlı qlobal iqtisadi sistemdə gərginlik və qeyri-müəyyən proseslər fonunda Azərbaycan iqtisadiyyatında 1,5% artım müşahidə olunduğunu, habelə əvvəlcədən düşünülmüş və həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq artımın 11,3%-ni qeyri-neft sektorunun təşkil etdiyini qeyd edib.

QKDK sədri 2012-ci ilin 6 ayı ərzində qiymətli kağızlar bazarında proseslərin anti-inflyasiya xarakterli pul siyasəti və bir sıra struktur amillərinin dəyişkənliyi fonunda davam edərək, hesabat dövrü ərzində qiymətli kağızlar bazarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 5,8 mlrd. manat təşkil etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. R.Aslanlı Mərkəzi Bankın notlarının ticarət olunan ən aktiv alətlərdən birinə çevrildiyini bildirərək, bazarda repo əməliyyatlarının həcminin artdığını, habelə Azərbaycan İpoteka Fondunun istiqrazlarının ilkin və təkrar bazarının 65,4% azaldığını və 73,6 mln. manat təşkil etdiyini vurğulayıb.

Daha sonra QKDK-nın sədr müavinləri və Aparat rəhbəri çıxış edərək, kurasiyalar üzrə struktur bölmələr tərəfindən 2012-ci ilin 6 ayı ərzində həyata keçirilmiş tədbirlər və onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat veriblər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, səhmdarların hüquqlarının qorunması, elektron xidmətlərdən istifadənin təmin edilməsi, bütövlükdə bazar iştirakçılarının potensialının gücləndirilməsi, habelə beynəlxalq əlaqələrinin genişləndirilməsi, ictimaiyyət arasında bazar haqqında biliklərin artırılması, yüksək peşəkarlığın və məlumatlılığın formalaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat iclas iştirakçılarının nəzərinə çatdırılıb.

İclası yekunlaşdıran R.Aslanlı «2011-2020-ci illərdə Azərbaycanda Qiymətli Kağızlar Bazarının İnkişafına dair» Dövlət Proqramının effektiv icrasının təmin edilməsini və digər dövlət qurumları ilə əlaqələndirilməsinə dair konkret göstərişlər verib. Həmçinin «Kapital bazarlarının müasirləşdirilməsi» layihəsi və «Twinning» proqramı üzrə işlərin yüksək səviyyədə təşkil edilməsinə, elektron xidmətlərdən geniş istifadə imkanlarının təmin edilməsinə, eləcə də QKDK-da 2013-2015-ci illərdə orta müddətli strateji planlamanın başlanmasına dair müvafiq tapşırıqlar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR