Qəbələ RLS-ə dair Azərbaycan-Rusiya danışıqlarında problem yaradan əsas məqam bəlli olub - EKSKLÜZİV

Qəbələ RLS-ə dair Azərbaycan-Rusiya danışıqlarında problem yaradan əsas məqam bəlli olub - <font color=red>EKSKLÜZİV</font>
# 28 sentyabr 2012 11:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan və Rusiya arasında Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılmasına dair danışıqlarda bir sıra suallar meydana çıxıb. Hərbi mənbələrdən eksklüziv olaraq APA-ya verilən bilgiyə görə, danışıqlarda əsas müzakirə olunan suallardan biri icarə haqqının artırılmasıdır. Rəsmi Bakı bununla bağlı təkliflərini 2011-ci ilin iyun ayında başlanan danışıqlarda irəli sürsə də, bu günədək razılaşdırılmayıb. Azərbaycan özünün bu təklifi üzərində qəti dayanır və təklif görüşlərdə qarşı tərəfə əsaslandırılıb.

İkinci sual isə Rusiyanın Qəbələdə yeni tipli stansiya yerləşdirmək istəyidir. Belə ki, Rusiya Qəbələdəki «Dəryal» tipli stansiyanı yeni «Voronej» tipli stansiya ilə əvəz etməyi düşünür. Rəsmi Bakı isə yeni stansiyaların Azərbaycanın mülkiyyətinə veriləcəyi halda Qəbələdə qurulmasına razılıq verəcəyini açıqlayıb. Cari ilin əvvəllərində RLS-in modernləşdirilməsinə və təyinatına dair qarşı tərəfdən bəzi məsələlər danışıqlara daxil edilib. Lakin həmin məsələlər hazırkı şəraitdə Azərbaycan tərəfinin maraqlarına uyğun gəlmir.

Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib. Azərbaycan hazırda RLS üçün Rusiyadan 300 milyon dollar istəyir.

Rusiya ilə danışıqlar aparan Azərbaycan nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov başçılıq edir. Heyətdə müdafiə naziri Səfər Əbiyev, maliyyə naziri Samir Şərifov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər şəxslər təmsil olunurlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR