DSMF-də elektron xidmətlərin göstərilməsi məsələləri ilə bağlı dəyirmi masa keçirilib - FOTO

DSMF-də elektron xidmətlərin göstərilməsi məsələləri ilə bağlı dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 29 iyun 2012 10:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sığortaolunan və pensiyaçılara elektron xidmətlərin göstərilməsi məsələləri ilə bağlı dəyirmi masa keçirilib.

APA-Economics”in məlumatına görə, DSMF sədri Səlim Müslümov bildirib ki, ölkə prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq elektron xidmətlərin təşkili məqsədilə DSMF-nin rəsmi internet səhifəsində (http://www.sspf.gov.az/eservices və http://www.dsmf.gov.az/eservices) interaktiv və informativ xidmətlərdən ibarət elektron xidmətlər bölməsi yaradılıb.

Elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətlərin adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron forması yerləşdirilib, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib. Hesabatları elektron formada təqdim etmiş sığortaedənlərə təsdiqetmə bildirişinin elektron formada çatdırılması təmin edilir. Hesabatların elektron formada təqdim olunması ilə bağlı Fonda 6 205 sığortaedən elektron ərizə ilə müraciət edərək qeydiyyatdan keçib, həmin sığortaedənlər unikal kod, parol və şifrə ilə təmin edilib.

İnformativ xidmətlər bölməsinin digər altbölmələri sığortaedənlər tərəfindən Fonda elektron formada təqdim olunan hesabatların (məlumatların) proqram təminatını və həmin hesabatların (məlumatların) elektron sənəd formasında göndərilməsi üçün razılaşmanı əks etdirir. Elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizənin elektron formada qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilir.

Tədbirdə qeyd edilib ki, Dövlət Xəzinədarlıq Agentliyinin “Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi”ndən (KÖMİS) istifadə edən yerli orqanları üzrə xırda ödənişləri həyata keçirən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər şığortaedənlərin ödənişlərinin real vaxt rejimində qəbulu məqsədilə Mərkəzi Bank və DSMF arasında “AzDataKom” şəbəkəsi üzərində rabitə kanalı qurulub, lazımi texniki avadanlıq və lisenziyalı əməliyyat sistemi ilə təchiz edilib.

Bundan başqa, “Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi” xidmətini nəzərdə tutan müasir məlumatlandırma sistemi hazırlanaraq Fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı, “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi (EHDİS) portalında yerləşdirilib. Bu xidmət vasitəsilə sığortaolunanlar DSMF tərəfindən açılmış fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə edə bilərlər. Sığortaolunanların özlərinin pensiya kapitalına nəzarət etmək imkanını əldə etməsi sistemdə şəffaflığın daha da artmasına gətirib çıxaracaq. Bu proses həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcək. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR