Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin hüquqlarının qorunması ilə bağlı yeni layihələri təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin hüquqlarının qorunması ilə bağlı yeni layihələri təqdim edib
# 21 fevral 2012 09:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması ilə bağlı hazırlanmış yeni layihələrə dair dəyirmi masa keçirilib. “APA-Economics”in məlumatına görə, dəyirmi masada nazirliyin müvafiq qurumları ilə yanaşı, bu sahədə ixtisaslaşmış QHT-lərin nümayəndələri də iştirak ediblər.

Dəyirmi masada çıxış edən ƏƏSMN-in əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Vüqar Həsənov son illər ölkədə əlillərin müdafiəsi, onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərdən danışıb. V.Həsənov bildirib ki, nazirlik tərəfindən «2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nın həyata keçirilməsi üçün Tədbirlər Planı, «Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiyası proqramının hazırlanması və onun həyata keçirilməsi qaydaları»nın layihəsi, həmçinin «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reablitasiyası və sosial müdafiəsi haqqında» qanunun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı rəy və təkliflər hazırlanıb. Layihələrdə 2012-2015-ci illərdə əlillərin sağlamlığının mühafizəsi və bərpası, təhsil və peşə yönümünün yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi və s. əksini tapıb.

Tədbirdə layihələr barədə ayrıca məlumat verilib və qeyd olunub ki, bu sənədlər tətbiq ediləndən sonra əlilik kartlarında onların reabilitasiyası barədə zəruri məlumatlar yerləşdiriləcək. Həmçinin əlillərin sosial müdafiəsi ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR