Pan Gi Mun Beynəlxalq BMT Sülhməramlıları Günü ilə bağlı müraciət edib

Pan Gi Mun Beynəlxalq BMT Sülhməramlıları Günü ilə bağlı müraciət edib
# 29 may 2012 09:46 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. BMT-nin baş katibi Pan Gi Mun 29 May - Beynəlxalq BMT Sülhməramlıları Günü münasibəti ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə bu günün 2011-ci ildə sülh yolunda həyatlarını qurban vermiş 112 kişi və qadına həsr edildiyi bildirilib.

Qeyd olunub ki, Beynəlxalq BMT Sülhməramlıları Günü dünyanın ən təhlükəli və qeyri-stabil zonalarında 17 missiya çərçivəsində fəaliyyət göstərən 120 000 sülhməramlını hörmətlə yad etmək imkanı yaradır: “Bu gün biz eyni zamanda vəfat etmiş sülhməramlıları yad edirik. 2011-ci ildə 112 kişi və qadın sülh yolunda öz həyatlarını qurban vermişlər. Bu ilin ilk dörd ayında daha 27 sülhməramlı Birləşmiş Millətlər Təşkilatına xidmət edərkən həlak olublar. Bu gün biz vəzifə borcunu yerinə yetirərkən həyatlarını itirmiş 2900-dən çox sülhməramlıları hörmətlə yad edir və müharibənin viran qoyduğu ölkələrə sabitlik gətirmək üçün gördüyümüz işləri davam etdirəcəyimizə dair söz veririk. Vəfat etmiş sülhməramlılar BMT ordusuna əsgər verən müxtəlif ölkələrin vətəndaşları idilər. Bu da öz növbəsində, Birləşmiş Millətlər Təşkilatının sülhü bərqərar etmək missiyasının əsasında qlobal tərəfdaşlığın durması haqda acı xatırlatmadır. Hal-hazırda, 116 üzv dövlətin hərbi və polis kadrları bizim əməliyyatlarımızda iştirak edir. Bu rəqəm Birləşmiş Millətlər Təşkilatının sülhməramlı fəaliyyətinin kollektiv təhlükəsizliyi qorumaq üçün dəyərli vasitə olmasına artan qlobal inamı əks etdirir. Bizim Suriyada yeni müşahidə missiyamız beynəlxalq icmanın yaranan problemlərin həlli üçün Birləşmiş Millətlər Təşkilatına güvənməsini əks etdirən ən son nümunələrdəndir. Missiyanın qarşısında çətin öhdəliklər qoyulmasına baxmayaraq, onun heyəti Suriya hökumətinin başladığı və nəticəsində minlərlə insanın öldürüldüyü zorakılığı dayandırmaq üçün cəsarətlə xidmət edir. Bu BMT-nin zorakılığı dayandırmaq və Suriya böhranının siyasi həllini tapmaq üçün Birgə Xüsusi Nümayəndəliyin apardığı böyük təşəbbüsün bir hissəsidir”.

Baş katib qeyd edib ki, BMT-nin hər bir sülhməramlı missiyasının başlıca məqsədi bu missiyalara tamamilə ehtiyac qalmamasına nail olmaqdır. Bu məqsədə nail olana qədər sülhməramlıların mümkün qədər effektiv və səmərəli fəaliyyəti üçün səy göstəriləcək: “Mən bütün polis və hərbi qoşunlara, həmçinin sülhməramlılara maddi və maliyyə dəstəyi verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Mən həmçinin siyasi dəstək və rəhbərlik nümayiş etdirən hər bir dövlətə minnətdarlıq edirəm. Xüsusilə Təhlükəsizlik Şurasının üzv dövlətləri yerlərdə şəraitə uyğun mandat yaradılması və sxemlərin yenilənməsi yolu ilə bizim işimizi müşahidə edir və gücləndirir”.

Pan Gi Mun sonda hər kəsi Beynəlxalq Sülhməramlılar Günündə xidmət edərək qurban olanları yad etməyə, mavi dəbilqəliləri dünyada milyonlarla insanın ümid mayakına çevirmək üçün qlobal tərəfdaşlığı möhkəmləndirməyə dair söz verməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR