Mülki Məcəlləyə torpaqların alınması və ya torpağa dair hüquqlarla bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiyanın məbləğinin hesablanması üsullarına dair əlavələr edilib

Mülki Məcəlləyə torpaqların alınması və ya torpağa dair hüquqlarla bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiyanın məbləğinin hesablanması üsullarına dair əlavələr edilib
# 20 aprel 2012 11:19 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclis Mülki Məcəlləyə torpaqların alınması və ya torpağa dair hüquqlarla bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiyanın məbləğinin hesablanması üsullarına dair əlavələr edib. APA-nın məlumatına görə, əlavələrə əsasən torpaqların alınması və ya torpağa dair hüquqlarla bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: torpağın bazar qiymətinin müəyyən edilməsi; torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi.

Dəyişikliyə görə, alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən bir sıra amillər nəzərə alınır. İddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlıq baş verdikdən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin. Həmçinin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın (tikilinin) qanuna əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsi alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər də nəzərə alınmalıdır. Alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər də nəzərə alınmalıdır.

Yeni dəyişikliyə əsasən alınan torpaq üçün veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən bu amillər nəzərə alınmır: alınmaya səbəb olan təcililiyin dərəcəsi; alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması; torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətin azalması; torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətin artması; alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidən qurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla, qanuna uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər.

Mülki Məcəlləyə kompensasiya ödəmə formaları ilə bağlı da müddəalar salınır. Bu sıraya itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi; itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili; kənd təsərrüfatı torpaqları itirildikdə, qanunda nəzərdə tutulan torpaq sahəsindən əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar; qanunda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər; itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat; yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi; alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları aiddir.

Layihənin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib ki, bugünlərdə ölkədə, xüsusən də paytaxtda qanunsuz tikintilər sökülərkən əhali ilə problemlər yaranır. Onun sözlərinə görə, Azərbaycanda qiymətləndirmə siyasətini dəqiqləşdirmək lazımdır. O, “Qiymətləndirmə haqqında” qanunun yenidən işlənilərək qəbul olunmasına ehtiyac olduğunu bildirib.

Elmira Axundova isə hesab edir ki, torpaqların bazar qiymətlərinin müəyyənləşdirilməsində dəqiqləşdirilmələr aparılmalıdır. Onun fikrincə, kompensasiya veriləndə yalnız bir evi olan və həmin evi söküntüyə gedən insanla bir neçə evi olan insan arasında fərq qoyulmalıdır: “Təklif edərdim ki, hər hansı şəxsin digər evinin olub-olmaması aydınlaşdırılsın”.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsə qoyularaq qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR