Siyavuş Novruzov: “Eurovision" insanları onların törətdiyi cinayətdən azad etmir”

Siyavuş Novruzov: “Eurovision" insanları onların törətdiyi cinayətdən azad etmir”
# 29 mart 2012 10:43 (UTC +04:00)
“Müxalifət çalışır ki, 1-2 mitinq keçirib, ağalarından pul qoparıb, özlərinin birillik maddi gəlirlərini təmin etsin”

Bakı. Şəhriyar Əlizadə-APA. "Eurovision" siyasi kampaniya deyil, bu musiqi festivalıdır. Bu musiqi bayramı tamamilə siyasətdən kənarda dayanmalıdır”. APA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, bəzi qüvvələr tərəfindən müsabiqəyə qarşı qərəzli kampaniya aparmaq cəhdlərinin "Eurovision"un prinsiplərinə zidd olduğunu bildirib: “Məlum olduğu kimi, Azərbaycan "Eurovision" tarixində çox fərqli bir yarışma keçirəcək. İstər hazırlıq işlərinin başlanması, dövlət komissiyasının yaradılması, ayrılan vəsaitlər, quruculuq abadlıq işləri, proqramları, görülən digər bütün işlər bu qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda keçiriləcək "Eurovision" bu yarışmanın tarixinə bir ilk, yenilik və ən möhtəşəm yarışma kimi düşəcək”.

Siyavuş Novruzov bildirib ki, bəzi qüvvələr bu prosesə kölgə salmaqdan ötrü Azərbaycana marağı olub tələbi ödənməyən dövlətlər tərəfindən qızışdırılıb ortaya atılıblar: “Hansı ölkədə görünüb ki, "Eurovision" keçirilən ölkədə amnistiya tələb olunsun? Cinayətkar cinayət törədibsə, cəzasını çəkməlidir. "Eurovision" insanları onların törətdiyi cinayətdən azad etmir. Müsabiqədən təzyiq metodu kimi istifadə olunması isə tamamilə yanlışdır. Bu, artıq anti-Azərbaycan, antidövlət çıxışıdır, iqtidara deyil, xalqa və dövlətə qarşı çıxmaqdır və bunu anlamaq lazımdır”.

Millət vəkili müsahibəsində son zamanlar müxalifət partiyalarının aksiyalar keçirmək çağırışlarına da münasibət bildirib: “Onların fəallaşması hava ilə əlaqədardır və mövsümi xarakter daşıyır. Onların Azərbaycanda heç bir bazası, sosial dayaqları yoxdur. 20 ildən artıqdır ki, bunlar eyni funksiyanı yerinə yetirirlər. Onların hamısı şəxsi maraqlardan irəli gələn addımlar atırlar. Əgər mitinq keçirirsənsə, gəl düş qabağa, ardınca adamları apar. Yoxsa uşaqları öyrədirsən, beynini pozursan, müəyyən adamları ortaya salırsan, əldə olunan vəsaitin böyük miqdarını isə özünün təminatına, istirahətinə istifadə edirsən. Bunlar çalışırlar ki, 1-2 mitinq keçirsinlər, ağalarından pul qopartsınlar ki, özlərinin birillik maddi gəlirlərini təmin etsinlər. Siyasətdə qalmaq üçün hər hansı bir vəsait sərf etməlisən. Bu vəsaitlər haradan gəlir, bunları hamımız bilirik. Təsəvvür edin, bunlar, hətta öz yoldaşlarına da kələk gəlirlər”.

Siyavuş Novruzov bildirib ki, müxalifət kütləvi aksiyaları şəhərin gur yerində keçirmək istəyirlər: “Hansı ki, o ərazilər 10 min, 15 min insanın hərəkət etdiyi yerlərdir. Və ya özləri bilərəkdən elə yer deyirlər ki, hökumət onlara icazə verməsin. Çünki orada təhlükəsizliyi təmin etmək mümkün deyil. Sərbəst toplaşmaq azadlığı haqqında qanunda göstərilib ki, kütləvi aksiyaların keçirilməsi üçün elə yerlər müəyyənləşdirilir ki, orada insanların təhlükəsizliyini təmin etmək mümkün olsun. Bu səbəbdən də müvafiq yer ayrılır. Onlar artıq Azərbaycan tarixinin qara arxivində olan adamlardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR