Dünya Memarlar İttifaqının baş katibi İçərişəhərdə gedən restavrasiya işlərini yüksək qiymətləndirib

Dünya Memarlar İttifaqının baş katibi İçərişəhərdə gedən restavrasiya işlərini yüksək qiymətləndirib
# 20 iyun 2012 11:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “İçərişəhərdə gedən restavrasiya işlərini yüksək qiymətləndirirəm. Çox bəyəndim. Burada gördüklərimdən həqiqətən də məmnun qaldım və hər xarici səfərimdə Bakıdakı inkişafdan danışacağam”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Dünya Memarlar İttifaqının baş katibi Mişel Barmaki (Michel Barmaki) deyib. Azərbaycanın son 20 ildəki inkişafından danışan baş katib bildirib ki, digər ölkələrdə bu inkişafa yalnız 100 ilə nail olmaq mümkün olar: “Bakıya səfərimin əsas məqsədi şəhərdəki arxitektura məsələlərində sizlərə necə kömək etməyi müəyyənləşdirməkdir. Şəhərin arxitekturası xoşuma gəldi və gedəcəyim səfərlərdə bu barədə danışacağam”.

Bakının baş planının hazır olduğunu söyləyən M. Barmaki, planda hər hansı dəyişiklik hüququnun yalınız müəllifə məxsus olduğunu vurğulayıb. O bildirib ki, şəhərin baş planı təsdiqlənsə belə, dəyişiklik mümkündür: “Əvvəllər bu işləri həyata keçirmək üçün Avstriya və Almaniyadan mütəxəssislər dəvət olunurdu. Sevindirici hal odur ki, hazırda sizin bu sahədə öz mütəxəssisləriniz var. Siz bu şəhərdə yaşayırsınız, buranı yaxşı tanıyırsınız və bu şəhərə nəyin lazım olduğunu hər bir kəsdən daha yaxşı bilirsiniz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR