BMT baş katibi 8 sentyabr Beynəlxalq Savadlılıq günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

BMT baş katibi 8 sentyabr Beynəlxalq Savadlılıq günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
# 07 sentyabr 2012 09:45 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Baş Katibi Pan Gi Mun 8 sentyabr Beynəlxalq Savadlılıq günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, baş katib bildirib ki, savadlılıq qadın və kişiləri dünyanı daha yaxşı dərk etmək və öz arzularını gerçəkləşdirə bilmələri üçün vasitələrlə təmin edir: “Savadlılıq fərdi ləyaqətin mənbəyidir və cəmiyyətin sağlam inkişafının mühərrikidir. Beynəlxalq Savadlılıq Günü dəyişikliyə apara biləcək bu qüvvəni qeyd etmək və bundan ən yüksək dərəcədə bəhrələnməyə səfərbər olmaq üçün bir imkandır.

Bu il sona çatan Birləşmiş Millətlər Təşkilatı Savadlılıq Onilliyi ərzində bir sıra mühüm addımlar atıb. Dünyanın hər yerində ayrı-ayrı insanlar, icmalar və ölkələr uşaqlara, gənclərə və böyüklərə oxumaq, yazmaq və həyatlarını dəyişməyə qadir olmaları üçün əl uzadıb. Nəticədə, təxminən 90 milyon gənc qadın, kişi və yaşlı daha da savadlanıb”.

Baş katib deyib ki, bu gün biz daha da irəli getməliyik: “Dünyada təxminən 775 milyon gənc və yaşlı hələ də yazmağı və oxumağı bacarmır, ibtidai və aşağı sinif yaşlı 122 milyon uşaq məktəbdən kənardır və milyonlarla şagird qeyri-kafi oxu və yazma bacarıqları ilə məktəbi bitirir. Qadınlar dünyanın savadsız əhalisinin üçdə ikisini təşkil edirlər. Bu göstəricilərin hələ də mövcud olması bizim Minilliyin İnkişaf Məqsədlərinə nail olmağımıza və 21-ci əsrdə ehtiyacımız olan bütün elm sahəsində biliklərə sahib cəmiyyətlərin qurulmasına maneə yaradır. Biz təcrid olmuşlara əl uzatmaq və fundamental insan hüquqlarını ucaltmaq üçün irəliyə doğru sürətlə addımlamalıyıq. Qlobal təhsil hərəkatına böyük təkan lazımdır. Buna görə də, bu ayın sonuna yaxın mən yeni İlk Öncə Təhsil təşəbbüsünə başlayacağam. Bu təşəbbüs üç prioritetə əsaslanır: hər bir uşağı məktəbə yollamaq; tədrisin keyfiyyətini yaxşılaşdırmaq və qlobal vətəndaşlıq üçün şəraitin yaradılması. Mən dünya liderlərini və təhsillə məşğul olan hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıram. Milyonlarla uşaq və gənclərin cəmiyyətdən təcrid halda olması təhsilin beynəlxalq məqsədlərinə çatmaq üçün tələb olunan vəsaitdən qat-qat baha başa gəlir. İstənilən valideyndən, hətta ərzaq, dərman və sığınacağın ən yüksək prioritet hesab olunduğu müharibə və fəlakət zonalarında öz övladı üçün nə arzuladığını soruşsanız, eyni cavabı eşidəcəksiniz: uşaqlar üçün təhsil. İstənilən uşaqdan böyüyəndə kim olmaq istədiyini soruşsanız cavabın təhsilə əsaslandığını görəcəksiniz. Təhsil bütün bu arzuların gerçəkləşməsi üçün açılan qapıdır.

Savadlı dünya daha sülhsevər, dinc və sağlam dünya deməkdir. Beynəlxalq Savadlılıq Günün bu ildönümündə, gəlin savadlılıq gündəmini daha da irəli aparmaq üçün bütün səylərimizi birləşdirməyə söz verək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR