Medvedev və Putin Moskvanın “Manej” meydanındakı mitinqə qatılıblar

Medvedev və Putin Moskvanın “Manej” meydanındakı mitinqə qatılıblar
# 05 mart 2012 08:09 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında prezidentliyə namizəd, hazırkı baş nazir Vladimir Putinin tərəfdarlarının izdihamlı mitinqi keçirilir. APA-nın Moskva müxbirinin məlumatına görə, Kreml yaxınlığında yerləşən “Manej” meydanında keçirilən mitinqə Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin də qatılıblar. 110 min nəfərdən çox insanın iştirak etdiyi mitinqdə D. Medvedev çıxış edib. O, Putinin qələbə qazandığını söyləyib: “Vladimir Putinin qələbəsi bütün xalqa lazımdır. Biz bu qələbəni heç kəsə verməyəcəyik”.

Daha sonra V. Putin çıxış edib. O, bütün Rusiya xalqına prezindent seçkilərində iştirak etdiklərinə görə təşəkkürünü bildirib: “Bura gələnlərə isə öz xüsusi təşəkkürümü çatdırıram. Böyük Rusiyaya “hə” deyənlərə öz minnətdarlığımı bildirirəm. Mən sizə qələbə qazanacağımızı demişdim. Biz açıq və haqlı mübarizədə qələbə qazandıq. Bu, təkcə prezident seçkiləri deyildi, həm də bir test idi. Sübut etdik ki, bizə heç kəs kənardan müdaxilə edə bilməz. Rusiya xalqı sübut etdi ki, onun ölkəsində xaricdə hazırlanan ssenarilər baş tutmayacaq. Mən hər kəsi Rusiya xalqının maraqları uğrunda birləşməyə çağırıram”.

Qeyd edək ki, Rusiyada keçirilən prezindet seçkilərinin ilkin nəticələri açıqlanıb. Bülletenlərin 30%-i sayıldıqdan sonra Vladimir Putin 63,42% səslə liderdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR