Azərbaycanda icbari avtomobil sığortası bazarı kəskin artıb

Azərbaycanda icbari avtomobil sığortası bazarı kəskin artıb
# 28 sentyabr 2012 12:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü avtomobil sığortası üzrə ümumilikdə 38,607 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 34,2% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə avtoqəza hadisələrinə (könüllü sığorta növləri üzrə) görə verilən ödənişlərin həcmi 37,2% artaraq 14,496 mln. manata çatıb.

Bundan başqa, cari ilin yanvar-avqust aylarında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə daxilolmaların həcmi 47,218 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15,6 dəfə çoxdur. Son bir il ərzində icbari avtomobil sığortası üzrə ödənişlər isə 4 dəfə artaraq 2,995 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə könüllü və icbari sığorta növləri də daxil olmaqla ümumilikdə avtomobil sığortası üzrə yığılan haqların həcmi 85,824 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 dəfə çoxdur. Eyni zamanda, məcmu ödənişlər 32,5% artaraq 14,984 mln. manata çatıb.

Könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazar üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 16,8%, icbari avtomobil sığortasının payı isə 21% təşkil edib.

Onu da qeyd edək ki, əvvəlki illərlə müqayisədə icbari avtomobil sığortası növünün məcmu sığorta haqlarındakı payının artmasına səbəb «İcbari sığortalar haqqında» qanunun qəbul edilməsi, habelə bu qanunda avtomobillərin mühərrikin həcminə görə sığorta tariflərinin artırılması olub.

Aparılan araşdırmada məlum olub ki, bazarda avtomobil sığortası üzrə ən çox yığım «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2011-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 228,873 mln. manat, ödənişlərin həcmi isə 58,873 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR