Lökbatanda püskürən palçıq vulkanı ərazidə iri çatlar əmələ gətirib

Lökbatanda püskürən palçıq vulkanı ərazidə iri çatlar əmələ gətirib
# 01 oktyabr 2012 10:51 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev APA-ya açıqlamasında deyib ki, araşdırmaların nəticəsinə əsasən, Yer səthinə tullanan vulkan palçığının həcmi 300 min kub metrdən artıq olub. Palçıq 7,3 ha sahəni örtüb: “Köhnə püskürmənin tulladığı vulkan brekçasının (palçıq vulkanlarında lavanın analoqu, müxtəlif tipli və yaşlı süxurların gilli sementlə bərkidilmiş hissəciyi) və yeni brekçanın üzərində çatlar əmələ gəlib. Cənub-qərb istiqamətində uzanan çatların dərinliyi 2 metrdən artıq, eni yarım metrə qədərdir. Çatların hələlik təhlükəsi yoxdur. Belə çatlar böyük məsafəyə uzananda onun təhlükəsi olur. Çatlar vulkan püskürəndə baş verən partlayış nəticəsində əmələ gəlib”.

A. Əliyevin sözlərinə görə, vulkan püskürməsi zamanı tullanan süxur nümunələrinin ilkin təyinatı də aparılıb. Tullanan süxurların içərisində qədim olihosen-miosen yaşlı süxurlar üstünlük təşkil edir: “Onların arasında maykop yaşlı gillər, gilli şistlər, xüsusilə eosen yaşlı yanar şistlər və neftli qumdaşılar var. Bunlar bizim üçün çox vacibdir. Çünki yerin təkində hansı dərinlikdə, hansı geoloji əmələgəlmələrlə əlaqədar neft-qaz yığılmaları haqda biz fikir söyləyə bilirik. Ümumiyyətlə, hazırda palçıq vulkanları dərində yatan çöküntülərin neft-qazlılığını müəyyənləşdirmək üçün öyrənilir. Ona görə ki, Azərbaycanda həm quruda, həm dənizdə çoxlu neft-qaz yataqları istismardadır. Dərində yatan qədim çöküntülərdə neft-qaz yığılmaları haqda məlumatları məhz palçıq vulkanları verir”.

A. Əliyev qeyd edib ki, bu, həmin yerdə dərin qatlarda neft ehtiyatlarının olduğunu göstərir: “Lökbatan yatağı ötən əsrin 33-cü ilində kəşf olunub. Orda 45 saylı quyu sutkada 20 min ton neft verib. Ondan sonra geoloqlar belə fikrə gəliblər ki, neft-qaz yataqlarını açmaq üçün palçıq vulkanlarının yaxınlığında quyular qazmaq lazımdır. 80 il ərzində bu yataqdan 28 milyon ton neft, 1 milyard kub metr qaz alınıb. Hazırda da 45 saylı quyu fəaliyyətdədir. Ümumiyyətlə, Azərbaycanda neftçıxarmanın tarixi ilə Lökbatan vulkanının fəaliyyətinin əlaqəsi var”.

Şöbə müdiri qeyd edib ki, vulkan fəaliyyətinin zəlzələlərlə sıx əlaqəsi var: “Güclü zəlzələ baş verəndə hökmən palçıq vulkanını oyadır, onun püskürməsinə təkan verir. O zaman ki, palçıq vulkanı uzun müddət susur və enerji toplayır, vulkana yaxın sahədə zəlzələnin baş verməsi onun püskürməsinə təkan verir. Biz araşdırmanı hələ tam bitirməmişik ki, hansı dərinlikdə, hansı gücdə və harada baş verən zəlzələ bu vulkanın püskürməsinə səbəb olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR