“Azərbaycanca-rusca izahlı hüquq lüğəti”nin və “Azərbaycanca-ingiliscə hüquq lüğəti”nin təqdimatı keçirilib

“Azərbaycanca-rusca izahlı hüquq lüğəti”nin  və “Azərbaycanca-ingiliscə hüquq lüğəti”nin təqdimatı keçirilib
# 04 sentyabr 2012 09:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan “Azərbaycanca-rusca izahlı hüquq lüğəti”nin və “Azərbaycanca-ingiliscə hüquq lüğəti”nin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabların elmi redaktoru, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov nəşrlərin hüquq sahəsində çalışan mütəxəssislərlə yanaşı, digər sahələrdə çalışanlar üçün də əhəmiyyətli vəsaitlər olacağını bildirib.

Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov isə çıxışında müstəqillik qazandıqdan sonra Azərbaycan ədəbiyyatında müəyyən bir boşluğun yarandığını deyib: “Sovetlər ittifaqına daxil olan ölkələrdə mütəmadi olaraq izahlı lüğətlər nəşr olunsa da, Azərbaycanda bu sahədə boşluq var idi. Hüquq sahəsi dövlətçiliklə bağlıdır. Hər bir vətəndaş hüquq terminləri ilə rastlaşır. Hesab edirəm ki, kitabların nəşri bu sahədə olan boşluğu doldura bildi. “Azərbaycanca –rusca izahlı hüquq lüğəti” kitabına on səkkiz minə yaxın söz və söz birləşməsi, digər lüğətdə isə on doqquz minədək söz və söz birləşməsi toplanıb. Lüğətlərdə qanunvericilikdə işlənən hüquq elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti öz əksini tapıb”.

Qeyd edək ki, nəşr olunan kitabların müəllifləri Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov və Bakı Slavyan Universitetinin professoru, Ali Məhkəmənin məsul işçisi Könül Əliyevadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR