“Eurovision” ərəfəsində İçərişəhərdə yeni layihəyə start veriləcək

“Eurovision” ərəfəsində İçərişəhərdə yeni layihəyə start veriləcək
# 10 may 2012 07:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Eurovision” mahnı müsabiqəsinə gələcək xarici turistlərin və qonaqların “İçərişəhər” və “Qala” qoruqlarında istirahətinin rahat və mənalı keçirmələri üçün müvafiq hazırlıq tədbirlərini davam etdirir. Qoruq İdarəsindən APA-ya verilən xəbərə görə, otel, ticarət və ictimai iaşə obyektlərinin işçilərinə keçilən sürətli ingilis dili kursları artıq bitmək üzrədir. Qoruq idarəsinin tabeliyində olan muzeylərin bələdçilərinə vahid geyim formaları hazırlanıb və muzey işçilərinə turistlərin qarşılanmasına, davranış qaydalarına dair seminarlar keçirilib.

“Eurovision” ərəfəsində İçərişəhərdə “Ask me” (Məndən soruş) adlı maraqlı layihəyə start veriləcək. Layihəyə əsasən yerli və xarici könüllülər İçərişəhər ərazisində üzərində “Ask me” yazılmış köynəklərdə gəzəcək və turistləri lazımi informasiya ilə təmin edəcək, onlara bukletlər və təbliğat materialları paylayacaqlar. Layihənin əsas maraqlı tərəfi İçərişəhərdə turistlərə informasiyanın artıq Azərbaycanda müəyyən müddət yaşayan, ölkənin mədəniyyəti və tarixi ilə tanış olan xarici könüllülər tərəfindən verilməsidir. Hazırda layihədə iştirak edən könüllülərə qoruq idarəsi tərəfindən xüsusi treninqlər keçirilir.

Artıq ərazidə turistlərə informasiya və ekskursiyalar haqqında məlumat verilməsi üçün 3 ədəd yeni informasiya köşkü quraşdırılıb. Bakı şəhərinin simvolu olan Qız Qalası abidəsində muzey konservasiyası işlərinin birinci mərhələsinin bitməsi ilə əlaqədar abidənin fasadında quraşdırılmış ayaqaltılar və digər avadanlıqlar sökülüb. Beləliklə, Qız Qalası vizual görüntüsü ilə turistlərin zövqünü oxşamağa hazırdır. Hazırda Qız Qalasının daxilində ekspozisiyanın genişləndirilməsi və təqdimatının dəyişdirilməsi üzərində iş gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR