Qazaxıstanda beynəlxalq hüququn qadağan etdiyi silahlarla əlaqədar seminar keçiriləcək

Qazaxıstanda beynəlxalq hüququn qadağan etdiyi silahlarla əlaqədar seminar keçiriləcək
# 01 oktyabr 2012 10:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Oktyabrın 2-3-də Qazaxıstanda Qazaxıstan Xarici İşlər Nazirliyinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə beynəlxalq hüququn qadağan etdiyi silahlarla əlaqədar seminar keçiriləcək. BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, seminarda Şərqi Avropa və Mərkəzi Asiya ölkələrindən olan 48 hüquqşünas və digər mütəxəssislər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının nümayəndələri iştirak edəcək.

BQXK-nın Şərqi Avropa və Orta Asiya üzrə əməliyyatlarının rəhbəri Loran Corba qeyd edib ki, hər gün insanlar istifadəsi beynəlxalq humanitar hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə nəticəsində yaralanırlar: “Silahlardan istifadənin qarşısını almaq və qurbanlara yardım etmək üçün bizim əlimizdən gələni etməyimiz vacibdir. Əlbəttə ki, burada əsas məqam qanuna riayət olunmasıdır".

Seminar zamanı iştirakçılar artıq silahların məhv edilməsi, silahların ötürülməsinə nəzarət və qadağaların gücləndirilməsi üzrə tövsiyələr hazırlamaq üçün qruplar halında işləməyə dəvət olunacaqlar. Qəbul edilmiş tövsiyələr fəlakətlərin qarşısını almaq, ehtiyaclara cavab vermək və qadağalar tətbiq edilməsində dövlətlərin hakimiyyət orqanları üçün bir istinad rolunu oynayacaq.

Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində 1990-cı illərin əvvəllərindən işləməyə başlayan BQXK region ölkələrini beynəlxalq humanitar hüququ və beynəlxalq hüququn digər qollarını milli səviyyədə həyata keçirmələrində dəstəkləyir. Silahlardan istifadə nəticəsində zədə almış insanlar üçün fiziki reabilitasiya proqramları həyata keçirən BQXK lüzumsuz əzablara səbəb olan silahlardan istifadənin qadağan olunmasını aktiv şəkildə müdafiə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR