Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Şəkidə səyyar müşavirə keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Şəkidə səyyar müşavirə keçirib
# 23 may 2012 19:41 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov Şəkidə olub. Şəki şəhər İcra Hakimiyyəti (İH) aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov mayın 23-də Şəki şəhərində Kiş bələdiyyəsinə məxsus 84 hektar ərazidə məcburi köçkünlər üçün salınmış qəsəbədə tikinti işlərinin gedişi ilə maraqlanıb. Ərazidə keçirilən səyyar müşavirədə çıxış edən Komitə sədri tikinti işlərinin nəzərdə tutulan vaxtda və daha keyfiyyətli şəkildə başa çatdırılması ilə bağlı podratçı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Səyyar müşavirədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və Azərdövlətlayihə İnstitutunun direktorları və digər aidiyyəti dövlət strukturlarının nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş əlavələrin müvafiq bəndlərinin icrası ilə əlaqədar Şəki rayonu ərazisindəki istismar müddəti başa çatmış Fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Şəkidə yeni qəsəbə salınır. Burada 423 ev inşa olunur. Onlardan 17-si bir, 211-i iki, 175-i üç, 20-si isə 4 otaqlı olacaq. Ərazidə məktəb binası, uşaq bağçası, inzibati bina, poçt, klub, ictimai mərkəz, ambulator tibb məntəqəsi və sair infrastruktur olacaq.

Yeni salınmış qəsəbəyə Fin tipli qəsəbələrində məskunlaşmış 372 və məktəblərdə yerləşmiş 51 ailə köçürüləcəkdir. Hər bir ailəyə əlavə 12 sot torpaq sahəsi veriləcək. Burada tikinti işləri ilə 15 şirkət məşğul olur. Qəsəbənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR