Azərbaycanda plastik bank kartlarının sayı 8% artıb

Azərbaycanda plastik bank kartlarının sayı 8% artıb
# 14 may 2012 14:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının ümumi sayı 2012-ci il martın 1-nə 4 627 min ədəd təşkil edib ki, bu da 2011-ci ilin martın 1-nə nisbətən 342 min ədəd və ya 8% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 2 516 mini sosial kartları, 1 351 mini əmək haqqı kartları, 567 mini digər debet kartları, 193 mini isə kredit kartlarıdır.

Fevral ayı ərzində plastik kartlarla 4 598 min əməliyyat aparılıb, əməliyyatların həcmi 694 mln. manat təşkil edib ki, bu göstəricilər son bir ildə müvafiq olaraq 13,3% və 27,8% artıb.

Debet kartları ilə aparılan əməliyyatların sayı 4 342 minə bərabər olub ki, bu da ümumi sayın 94,4%-ni təşkil edir. Debit kartları ilə aparılan əməliyyatların həcmi isə 625 mln. manat təşkil edib ki, bu da ümumi həcmin 90,1%-dir. Öz növbəsində kredit kartları ilə 69 mln. manat həcmində 256 min əməliyyat aparılıb.

Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 143,9 manat, kredit kartları üzrə isə 270 manat təşkil edib.

Qeyd edək ki, fevralda plastik kartlarla aparılan əməliyyatların 4 051 mini və ya ümumi sayın 88,1%-i nağd pulun çıxarılması üzrə əməliyyatların payına düşüb. Bu əməliyyatların həcmi 629 mln. manat olub və bu, ümumi həcmin 90,6%-ni təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR