Bank Of Baku

Azərbaycan idmançısı London Olimpiadasına vəsiqə qazana bilməyib

Azərbaycan idmançısı London Olimpiadasına vəsiqə qazana bilməyib
# 01 iyul 2011 11:44 (UTC +04:00)
Bakı – APA. Taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turniri davam edir. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində təşkil edilən bu mötəbər yarışın ikinci günündə Azərbaycan milli komandasının heyətində Elvin Məmmədov (68 kq) tatamiyə çıxıb.

Taekvondoçumuz 1/32 final mərhələsində çexiyalı Viktor Yankovskiylə qarşılaşıb. Məmmədov ilk raundda rəqibindən üstün olsa da, sonradan bir qədər zəif döyüş nümayiş etdirib. Bundan istifadə edən Yankovski qarşılaşmanın son raundunda hesabı bərabərləşdirib – 7:7. Lakin əlavə vaxtda özündə güc tapan Elvin qızıl xal qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Məmmədov II döyüşündə isveçli Mareta Aşeta ilə qarşılaşıb. İlk raund bərabərliklə yekunlaşsa da, növbəti hissələrdə həmyerlimiz gücünü göstərməyi bacarıb. O, yekunda 7:3 hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Bu mərhələdə iranlı həmkarı Məhəmməd Bageriyə 1:4 hesabı ilə uduzan Elvin həm turnirdə mübarizəni dayandırıb, həm də London Olimpiadasına vəsiqə qazana bilməyib.

Qeyd edək ki, yalnız ilk 3 yeri tutacaq idmançı London-2012-yə vəsiqə qazanacaq. Digər taekvondoçularımız - Ramin Əzizov (80 kq) iyulun 2-də, Günay Ağakişiyeva (57 kq) isə iyulun 3-də mübarizəyə qoşulacaq. Turnirin ilk günündə qüvvəsini sınayan Fəridə Əzizova (67 kq) gümüş medala sahib olmaqla yanaşı, taekvondo yığmamıza ilk lisenziyanı da qazandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR