Bank Of Baku

Karlos Alberto Torres: “Ümid edirəm ki, Azərbaycan bu dəfə Polşa ilə görüşdə yaxşı nəticə qazanacaq”

Karlos Alberto Torres: “Ümid edirəm ki, Azərbaycan bu dəfə Polşa ilə görüşdə yaxşı nəticə qazanacaq”
# 16 mart 2007 15:56 (UTC +04:00)
“Ümid edirəm ki, Azərbaycan bu dəfə Polşa ilə görüşdə yaxşı nəticə qazanacaq”. Bu sözləri “APA-Sport” agentliyinə hazırda vətəni Braziliyada yaşayan Azərbaycanın futbol yığmasının sabiq baş məşqçisi Karlos Alberto Torres söyləyib. Braziliyalı çalışdırıcı martın 24-də Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Polşa - Azərbaycan oyunu haqda proqnoz verməsə də, iki il əvvəl Varşavada qeydə alınan böyük hesablı məğlubiyyətin təkrarlanmayacağına inandığını söyləyib. Qeyd edək ki, yığmamız 2005-ci ilin martında məhz braziliyalı məşqçinin rəhbərliyi altında Varşavada 0:8 hesablı məğlubiyyətə düçar olmuşdu. K.A.Torres həmin qarşılaşmada futbolçuların təxribat törətdiklərini nə təsdiq, nə də təkzib edib: “Açığı, keçmişə qayıtmaq fikrindən uzağam. Həmin oyunda futbolçuların təxribat törətməsi ilə bağlı yayılan məlumatlara şərh vermək istəmirəm. Polşa ilə görüş haqqında yalnız onu deyə bilərəm ki, rəqib çox yaxşı oynadı və qapımıza 8 qol vurdu. Biz isə heç bir qolla da onlara cavab verməyi bacarmadıq”. K.A.Torresin sözlərinə görə, Azərbaycan yığmasının uğurlu nəticələr əldə etməsi üçün gəncləşdirmə siyasəti aparılmalıdır: “Mütləq cavan futbolçular heyətə cəlb olunmalıdırlar. Ancaq bu yolla uğur qazanmaq mümkündür. Bu, mənim şəxsi fikrimdir”. Millimizin sabiq baş məşqçisi Azərbaycandan təklif gələcəyi təqdirdə, yenidən ölkəmizə qayıdacağını vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR