Bank Of Baku

“Şərq” qəzetinin jurnalistlər arasında keçirdiyi “Media Kuboku-2007” futbol turnirinin qaydalarına dəyişikliklər edilib

“Şərq” qəzetinin jurnalistlər arasında keçirdiyi “Media Kuboku-2007” futbol turnirinin qaydalarına dəyişikliklər edilib
# 02 aprel 2007 15:41 (UTC +04:00)
“Şərq” qəzeti hər il olduğu kimi, yenə də Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə jurnalistlər arasında “Media Kuboku - 2007” futbol turniri təşkil edir. “Şərq” qəzetinin baş redaktoru, turnirin təşkilat komitəsinin sədri Akif Aşırlı “APA-Sport” agentliyinə müsahibəsində bildirib ki, artıq dördüncü dəfədir, təşkil olunan builki yarışın qaydası ilə əvvəlkilər arasında kifayət qədər fərq var: “Əvvəlki yarışlardan fərqli olaraq, bu dəfə komandaların heyətində peşəkar futbol oynamamış ən çox üç kənar oyunçu çıxış edə bilər”. A. Aşırlı “lipa”ların qarşısını almaq üçün yeni metod da müəyyənləşdirdiklərini vurğulayıb: “Turnirin püşkatma mərasiminədək bütün komandalar iştirak ərizələrini bizə təqdim etməlidirlər. Turnir ərzində siyahıya əlavə oyunçunun salınmasına icazə verilməyəcək. Püşk atılanadək hər bir komandanın iştirak ərizəsini digər komandalara göstərəcəyik. Kimin iradı olsa, püşkatma mərasiminədək bildirməlidir. Oyun başlayanadək narazılıq olmasa, oyunun gedişində narazılıqlara baxılmayacaq. Püşk atılanadək “lipa” aşkara çıxarılsa, həmin oyunçu komandaların heyətindən kənarlaşdırılacaq. Bunu təcrübəmizə əsasən deyirəm. Çünki əvvəlki yarışların gedişində belə problemlərlə üzləşirdik və bunlar bizə müəyyən texniki çətinliklər yaradırdı”. Turnirin aprelin 10-dək start götürüb, mayın 10-dək tamamlanması nəzərdə tutulub. Bakı Dövlət Universitetinin idman kompleksinin süni örtüklü stadionunda keçiriləcək turnirin baş sponsoru “Bakcell” şirkəti, sponsorları isə “Muğanbank” və CCİC-dir. A. Aşırlı yarışın yüksək səviyyədə təşkili üçün tədbirlər planı hazırladıqlarını da açıqlayıb: “Turnirin daha əhatəli, daha dəqiq və futbol qanunlarına uyğun keçirilməsi üçün AFFA rəhbərliyi ilə məsləhətləşmələrimiz olub. Oyunları federasiyanın hakimləri idarə edəcəklər. Bu il daha çox azarkeşin oyunlara cəlb olunması üçün də müəyyən qaydalar təklif olunub. Əsas azarkeş kütləsi olan tələbələrin yer aldığı fakültələrdən ən fəalı üçün müəyyən məbləğdə pul mükafatı da nəzərdə tutmuşuq. Bir sözlə, turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün detallar üzərində fikirləşmişik”. Artıq bütün KİV komandalarına məktub göndərildiyini deyən təşkilat komitəsinin sədri hələlik 11 komandanın turnirdə iştiraka razılıq verdiyini bildirib. Bunlar “Qaya” Yayım Firması, “Şərq”, “525-ci qəzet”, “Həftə içi”, “Respublika”, “Ədalət”, “Supermarket”, “Zaman-Çempion” qəzetləri, APA İnformasiya Agentliyi, ATV, “Space”, “Lider” TV komandalarıdır: “İlk iki turnirin qalibi olan Az.TV-nin turnirdə iştirak edib-etməyəcəyi isə sabah dəqiqləşəcək. İştirak etmək istəyində olan digər komandalar da müraciət edə bilərlər”. Hər bir komanda iştirak ərizəsinə 12-dək oyunçunun adını daxil edə bilər. Oyunların həftənin şənbə və bazar günləri keçirilməsi nəzərdə tutulub. Yarışda yüksək yerləri tutan komandalara kuboklar təqdim olunacaq. Həmçinin, ən yaxşı oyunçu, ən yaxşı qapıçı, ən yaxşı komanda üçün mükafatlar da müəyyənləşdirilib. Turnirin püşkatma və açılış mərasiminin dəqiq tarixi hələ məlum deyil. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR