Bank Of Baku

Fuad Əsədov: “AFFA-nın “Şəfa” stadionunun yüksək səviyyədə saxlanması üçün imkanı yox idi”

Fuad Əsədov: “AFFA-nın “Şəfa” stadionunun yüksək səviyyədə saxlanması üçün imkanı yox idi”
# 18 aprel 2007 13:40 (UTC +04:00)
“Şəfa” ildə 252 min manat müqabilində “İnter” klubuna icarəyə vermişik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Fuad Əsədov bildirib. F.Əsədov “Şəfa”nın icarəyə verilməsində heç bir qanunsuzluğun olmadığını qeyd edib: “Bu stadion AFFA-nın mülkiyyətidir. Azərbaycanda icarə haqqında qanun var və bu qanuna görə, mülkiyyətçi öz mülkünü icarəyə verə bilər. Yəni, bu məsələ mövcud qanunvericiliklə tənzimlənir. “Şəfa” icarəyə verilməmişdən əvvəl AFFA hər il bu stadiona 150 min manata yaxın vəsait sərf edirdi. İndi isə 15 il ərzində hər il hesabımıza 252 min manat pul köçürüləcək. Üstəlik, əvvəlki kimi, “Şəfa”ya 150 min manat xərclənməyəcək. Bundan əlavə, milli komandalarımız da stadiondan təmənnasız istifadə edəcəklər. Burada da AFFA təxminən 150 min manat qənaət etmiş olur. AFFA-nın “Şəfa”nı icarəyə verməsi nəticəsində illik gəliri təxminən 550 min manat olacaq. AFFA 15 il ərzində üst-üstə 8 milyon manatdan artıq gəlir əldə edəcək. Nəzərə alsaq ki, “Şəfa”nın inşasına 3 milyon dollara yaxın vəsait sərf edilib, stadionun icarəyə verilməsinin AFFA-ya nə dərəcədə səmərəli olması barədə uzun-uzadı danışmağa ehtiyac qalmaz. Bu məsələyə fərqli prizmadan yanaşanların iqtisadi bilikləri məndə şübhə doğurur. “İnter” hazırda stadionda təmir işləri aparır, mövsümün sonunda isə əsaslı təmirə hazırlaşır. Halbuki, AFFA-nın bu stadionu yüksək səviyyədə saxlanması üçün imkanı yox idi. Bunun nəyi pisdir ki?” Baş katibi onu futbol adamı adlandırmayanların düzgün fikirdə olmadığını qeyd edib: “Tovuzun “Məhsul” komandasının heyətində 16 yaşımda Azərbaycan çempionu adını qazanmışam. 17 yaşımda Azərbaycan kubokuna sahib olmuşam. 10 il Bakı Futbol Federasiyasının prezidenti vəzifəsində çalışmışam. 8 ilə yaxındır ki, AFFA-da əvvəl vitse-prezident, indi isə baş katib işləyirəm. Özünüz qiymət verin, məni futboldan uzaq olmaqda ittiham edənlər, yoxsa, mən futbola daha yaxınam? Mənim fəaliyyətimə çalışdığım sahələrdə səriştəsi olan, bu işlərdən başı çıxan mütəxəssislər qiymət verə bilər”. F.Əsədov hazırda tutduğu postu itirəcəyi bağlı yazılanları əsassız adlandıraraq, bunlara əhəmiyyət vermədiyini vurğulayıb: “Yəqin ki, bu fikirlərin müəllifləri AFFA-nın Nizamnaməsindən xəbərsizdirlər. O ki qaldı vəzifəmdən istefa verib-verməməyimə, bu, mənim özümdən asılıdır. Nə vaxt ürəyim istəsə, ərizəmi yazıb işdən çıxa bilərəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR