Bank Of Baku

Ramiz Mirzəyev: “Milli komandamızın ermənilərlə eyni qrupa düşməsi ciddi narahatçılıq doğurur”

Ramiz Mirzəyev: “Milli komandamızın ermənilərlə eyni qrupa düşməsi ciddi narahatçılıq doğurur”
# 26 aprel 2007 09:32 (UTC +04:00)
“Təəssüf ki, klublarımız milli çempionatda iştirak etmək haqda düşünsələr də, bəziləri öz komandalarının nəzdində olan uşaq futbol məktəblərinin yaradılması ilə bağlı ciddi iş görmürlər, bu sahəyə biganə yanaşırlar. Bəziləri isə ümumiyyətlə, uşaq futbol məktəbinin qurulması haqda düşünmür”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri AFFA prezidenti Ramiz Mirzəyev AFFA-nın bu gün keçirilən XI konfransında hesabat məruzəsi zamanı bildirib. R.Mirzəyev uşaq futbolu ilə bağlı işə peşəkarcasına yanaşmaq lazım olduğunu vurğulayıb: “Güclülər dəstəsində çıxış edən klubların nəzdində fəaliyyət göstərən 1989-90 və 1991-92-ci il təvəllüdlü uşaqlar arasında respublika birinciliyi keçirilir. Lakin qeyd etmək istərdim ki, bu vəziyyəti heç də qənaətbəxş etmək olmaz. Bunu klubların rəsmi nümayəndələri ilə görüşlərdə də bildirmişik. Yeniyetmələr arasında keçirilən turnirlərə qatılmaq heç də o demək deyil ki, vəziyyət yaxşıdır. Bu işə peşəkarcasına yanaşmaq lazımdır. Aşağı yaş qruplarında oynayan uşaqların futbola olan marağını artırmaq üçün müəyyən addımlar atılmalıdır ki, bir neçə ildən sonra futboldan uzaqlaşaraq başqa sahənin arxasınca getməsinlər”. R.Mirzəyev uşaq futbolu ilə bağlı fikirlərini bildirərkən, internat tipli məktəblərə toxunub. AFFA prezidenti belə məktəblərin yaradılmasının zəruriliyini vurğulayıb: “Uşaqların futbola marağını artırmaq üçün mütləq internat tipli məktəblər açmaq və futbola həvəsi olanları həmin təhsil ocaqlarına cəlb etmək lazımdır. Lakin Bakıda fəaliyyət göstərən bir çox klublarımızın nəinki stadionu, heç bazası belə yoxdur. Belə olan halda isə bu cür komandaların uşaq futbolunun inkişafı üçün hansısa iş görməsindən danışmaq mümkün deyil. AFFA bununla əlaqədar futbol internat məktəbi açmaq haqda düşünür. Maddi imkanımız olan kimi, biz belə bir məktəbi hər hansı bir regionda açmaq fikrindəyik”. R.Mirzəyev Azərbaycan və Ermənistan yığmaları arasındakı oyunlara da toxunub: “Milli komandamızın ermənilərlə eyni qrupa düşməsi ciddi narahatçılıq doğurur. Ermənistanla ölkəmiz arasında heç bir iqtisadi, siyasi, mədəni əlaqə olmadığından, bu oyunların Bakıda və İrəvanda keçirilməsi qeyri mümkündür”./APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR