Bank Of Baku

Bu gün AFFA-nın XI Konfransı keçirilib

Bu gün AFFA-nın XI Konfransı keçirilib
# 26 aprel 2007 15:57 (UTC +04:00)
Bəzi klubların yalnız ölkə çempionatında çıxış etməklə kifayətləndiyini bildirən R.Mirzəyev, onların uşaq futbolunun inkişafı ilə bağlı ciddi işlər görmədiklərini vurğulayıb. Klubları bu məsələyə biganə münasibət göstərməkdə qınayan AFFA başçısı, onlara uşaq futboluna peşəkar münasibət göstərməyi tövsiyə edib. Güclülər dəstəsində çıxış edən klubların nəzdində fəaliyyət göstərən 1989-90 və 1991-92-ci il təvəllüdlü uşaqlar arasında respublika birinciliyinin keçirildiyini xatırladan R.Mirzəyev, eyni zamanda bunun indiki vəziyyətdən heç də çıxış yolu olmadığını qeyd edib. AFFA rəhbərinin fikrincə, aşağı yaş qruplarında oynayan uşaqların futbola olan marağını artırmaq üçün müəyyən addımlar atılmalıdır ki, onlar bir neçə ildən sonra futboldan uzaqlaşaraq başqa sahənin arxasınca getməsinlər. Bunun üçün isə, internat tipli məktəblərin yaradılması zəruri şərtdir. Bakıda fəaliyyət göstərən bir çox klublarımızın nəinki stadionu, bazasının belə olmadığını deyən AFFA prezidenti, belə olan halda bu komandaların uşaq futbolunun inkişafı üçün hansısa iş görməsindən danışmasını məntiqəuyğun saymayıb. Bu səbəbdən də AFFA özü futbol internat məktəbi açmaq haqda düşünür. R.Mirzəyev söyləyib ki, maddi imkan olan kimi, belə bir məktəbi ölkənin hər hansı bir regionunda açacaqlar. Daha sonra Azərbaycan və Ermənistan yığmaları arasındakı oyunlara toxunan AFFA prezidenti bildirib ki, bu ciddi narahatçılıq doğuran məsələdir. Ermənistanla ölkəmiz arasında heç bir iqtisadi, siyasi, mədəni əlaqələrin olmadığını deyən R.Mirzəyev bu oyunların Bakıda və İrəvanda keçirilməsi qeyri mümkün sayıb. AFFA-nın maliyyə imkanları haqda da açıqlama verən R.Mirzəyev bildirib ki, milli komandalara sponsorluq etməyi öz üzərinə götürən Dövlət Neft Şirkəti maliyyə köməkliyini lazımi səviyyədə yerinə yetirmir. Futbolda əsas gəlir mənbələrinin bilet satışı, reklamlar, yayım hüququ, digər sponsorlar və s. olduğunu qeyd edən AFFA rəhbəri, Azərbaycanda bu sahələrdə problem olduğunu gizlətməyib. R.Mirzəyev həmçinin vurğulayıb ki, Avropanın bir sıra ölkələrində keçirilən totalizator oyunları birbaşa dövlətin nəzarəti altında olsa da, bu bizdə qeyri-qanunidir. Bunun nəticəsində isə vergidən yayınma halları ortaya çıxır. Futbolun inkişafı üçün totalizator oyunlarının Azərbaycanda qanuniləşdirilməsi layihəsinin hazırlanması üçün Türkiyə Futbol Federasiyası tərəfindən təklif aldıqlarını deyən AFFA prezidenti, artıq dövlət rəsmiləri ilə müəyyən görüşlər keçirildiyini vurğulayıb. Belə olan halda isə həm futbolumuzun inkişafını sürətləndirməyə, həm də ölkə büdcəsinə əlavə vəsaitin daxil olmasına nail olunacaq. R.Mirzəyev futbolun vergidən azad olunmasının vacibliyini də xüsusi qeyd edib. AFFA prezidenti bununla əlaqədar əksər ölkələrin təcrübəsinə əsaslanaraq, dövlət qurumlarına müraciət etdiklərini bildirib. Konfransın sonunda isə legioner limiti ilə bağlı məsələ müzakirə olunub. Klubların narazılığını əldə əsas tutan konfrans üzvləri legioner limitinin “5+2” olması haqda qərar qəbul ediblər.
Qeyd edək ki, əvvəlki legioner limiti “3+2” idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR