Bank Of Baku

Fuad Əsədov: “Lisenziyalaşdırma prosesinin öz qanunları var”

Fuad Əsədov: “Lisenziyalaşdırma prosesinin öz qanunları var”
# 16 may 2007 12:59 (UTC +04:00)
“İmişlinin “MKT-Araz” klubu Lisenziyalaşdırma qaydalarının A bölməsinin F-1.04 bəndinin tələblərini yerinə yetirməyib. Bu bənd isə vergi öhdəliklərinin yerinə yetirilməsini özündə əks etdirir. Bizə təqdim olunan sənədlərdən məlum oldu ki, bu klubun vergi orqanlarına 450 min manata yaxın borcu var. Bu vəziyyətdə isə “MKT-Araz” klubunun lisenziya alması mümkün deyil”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Fuad Əsədov bildirib. F.Əsədov “MKT-Araz”ın ötən il İntertoto kubokunda çıxış etdiyi zaman da vergi orqanlarına borcu olduğunu söyləyib: “O vaxt da bu klubun vergi orqanlarına təxminən 200 min manata yaxın borcu var idi. Lakin Lisenziyalaşdırma qaydalarında alternativ variant da nəzərdə tutulub. Bu isə ondan ibarətdir ki, vergi orqanlarına borcu olan klub həmin borcun müəyyən müddət ərzində ödəniləcəyi barədə vergi orqanları ilə müqavilə bağlayarsa, Lisenziyalaşdırma Komissiyası bu kluba lisenziya verə bilər. Ötən il “MKT-Araz” məhz belə bir müqavilənin hesabına lisenziya ala bilmişdi. Lakin bu il təqdim edilən sənədlər əsasında məlum oldu ki, nəinki əvvəlki borc ödənilməyib, əksinə, borcun məbləği də xeyli artıb. “MKT-Araz” klubunun vitse-prezidenti Əvəz Ağayevlə bu barədə söhbətimiz oldu. Onun nəzərinə çatdırdım ki, mayın 4-dən 14-ə qədər olan müddətdə ödənişi həyata keçirib Apelyasiya Komitəsinə müraciət edə bilərlər. Bu halda, klubun lisenziya ala bilməsi üçün müəyyən şans qazanmaq mümkün idi. Lakin klub tərəfindən bu istiqamətdə heç bir iş görülmədi”. F.Əsədov “MKT-Araz” kimi lisenziya verilməyən digər klublardan, “Olimpik”in maliyyə hesabatını Lisenziyalaşdırma Komissiyasına təqdim etmədiyini, “Turan”ın isə lisenziyanın alınması üçün ümumiyyətlə, müraciət etmədiyini qeyd edib. Baş katib klubların lisenziyalaşdırma məsələsinə lazımınca yanaşmadığını qeyd edib: “Bəzi klublar bu məsələyə heç də tələb olunan səviyyədə və peşəkarcasına yanaşmayıb. Halbuki, UEFA lisenziyalaşdırma işlərinə xüsusi həssaslıqla və diqqətlə nəzarət edir. Komissiyanın üzvləri, o cümlədən, bu işlərə rəhbərlik edən şəxs kimi mən də dəfələrlə klub nümayəndələrilə görüşüb məsələnin ciddiliyini onların diqqətinə çatdırmışıq. Lisenziyalaşdırma prosesinin öz qanunları var və klublar bu məsələyə barmaqararası yanaşacaqları təqdirdə, avrokuboklardan kənarda qala biləcəklərini əvvəlcədən nəzərə almalıydılar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR