Bank Of Baku

“Sevilya” ardıcıl ikinci dəfə UEFA Kubokuna sahib çıxıb

“Sevilya” ardıcıl ikinci dəfə UEFA Kubokuna sahib çıxıb
# 17 may 2007 08:13 (UTC +04:00)
İspaniyanın “Sevilya” klubu ardıcıl ikinci dəfə UEFA kubokunu qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Xuande Ramosun yetirmələri Şotlandiyanın Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçirilən final görüşündə İspaniyanın digər klubu “Espanyol”u penaltilər seriyasında məğlub ediblər. Əsas vaxtda olduğu kimi, əlavə vaxtda da komandalar hərəyə bir qol vurublar. Penaltilər seriyasında isə rəqibin dörd penaltisindən üçünü dəf edən “Sevilya”nın qapıçısı Andreas Palop oyunun qəhrəmanına çevrilib.

“Sevilya” (İspaniya) “Espanyol” (İspaniya) - 2:2 (əsas vaxt: 1:1, əlavə vaxt: 1:1), penaltilərlə - 3:1.
Adriano, 18, Kanute, 115 - Riera, 28, Xonatas, 115.

Xuande Ramos (“Sevilya”nın baş məşqçisi): “Oyunumuzda heç bir ciddi problem yox idi. Hətta hesabda 2:1 öndə olarkən üstünlüyümüzü artıra bilərdik. Lakin “Espanyol” hesabı bərabərləşdirməyə və azarkeşlərə həyəcanlı penaltilər seriyası bəxş etməyə müvəffəq oldu. Etiraf etməliyəm ki, “Espanyol” yaxşı rəqibdir və çox yaxşı da çıxış etdi. Xüsusən, azlıqda qaldıqdan sonra. Amma son nəticədə təcrübəmizdən maksimum yararlanaraq, yenidən Avropa kubokunu qazandıq. Bu da xüsusən, böyük qəhrəmanlıq göstərdiyimizi nəzərə aldıqda, məni çox razı saldı. UEFA kubokundakı qələbədən sonra sanki üzərimizdən böyük yük götürüldü. Şübhəsiz ki, bu, İspaniya çempionatının həlledici görüşlərinə və Kral Kubokunun finalına böyük optimizmlə yanaşmağımıza yardımçı olacaq. Çalışacağıq ki, klubumuzun muzeyini bu mövsüm daha bir kubokla tamamlayaq”.
Ernesto Valverde (“Espanyol”un baş məşqçisi): “UEFA kubokunda “Espanyol”un üzücü ənənəsi davam edir. Yenə həlledici görüşdə uğursuzluğa düçar olduq. Lakin fəxr etməyə də əsasımız var. Finaladək bir dəfə də uduzmadıq, əksinə, 15 oyundan 11-də qalib ayrıldıq. İstənilən halda, özümüzü çempion kimi hiss edirik. Hər halda, penaltilər seriyasında uduzmaq, oyun zamanı məğlub olmaqdan daha yaxşıdır. 68-ci dəqiqədən sonra azlıqda qalmağımız matçın həlledici anı oldu. Fikrimcə, kəmiyyət etibarilə bərabər heyətlə çıxış etsəydik, qalib gələ bilərdik. Hətta Palop olmasaydı, penaltilər seriyasında da uğur bizim tərəfimizdə olacaqdı. Şübhəsiz ki, “Sevilya”nın qapıçısı görüşün ən yaxşı oyunçusu idi”.
“Sevilya” ötən mövsüm finalda İngiltərənin “Midlsboro” klubunu böyük hesabla (4:0) məğlub etmişdi. İndiyədək ardıcıl iki il UEFA kubokunu İspaniyanın digər klubu “Real” (1985, 1986) qazanıb. “Espanyol” isə 1988-ci ildə UEFA kubokunun finalında çıxış edib. Almaniyanın “Bayer” klubu ilə ilk görüşdə 3:0 hesablı qələbə qazanmalarına baxmayaraq, cavab görüşündə eyni hesabla uduzan “Espanyol” penaltilər seriyasında da məğlub olub. Onu da qeyd edək ki, qarşılaşmanın ehtiyat hakimi Karlo Bertolini iki il öncə Gəncədə “Neftçi” və “Xəzər-Lənkəran” arasında keçirilmiş Azərbaycan çempionatının “qızıl oyun”unu idarə edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR