Bank Of Baku

Şahin Diniyev: “Samir Əliyevin beş oyununu izləsəm də, ondan istədiyimi almamışam”

Şahin Diniyev: “Samir Əliyevin beş oyununu izləsəm də, ondan istədiyimi almamışam”
# 21 may 2007 11:49 (UTC +04:00)
“Emin Quliyevlə Samir Əliyevin milli komandaya qayıdışı yığmadan kənar qalan futbolçularla aramızda olan soyuq müharibənin nəticəsi deyil. Mənim ümumiyyətlə, futbolçularla soyuq müharibəm olmayıb. Sadəcə, heyətə çağırdığım futbolçu millinin oyun sxeminə uyğun gəlməli və baş məşqçinin idarəçiliyini qəbul etməlidir. Daha arxasınca milliyə 7-8 futbolçu da gətirilməsi ilə bağlı mətbuatda çıxış edənlər mənə lazım deyil”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev E.Quliyevlə S.Əliyevi milliyə dəvət etməsilə bağlı onlarla fikir mübadiləsi aparmadığını söyləyib: “Nəinki Emin və Samir, ümumiyyətlə, milliyə çağırdığım futbolçularla söhbət etməmişəm. Emin universal futbolçudur, həm müdafiədə, həm də yarımmüdafiədə çıxış edə bilər. Hazırda millidə müdafiə və yarımmüdafiə xəttində problemlərimiz var. Ernani Pereyra və Saşa Yunisoğlu zədəli olduğu üçün millidən kənar qalıblar. Bu, “Bakı”nın braziliyalı hücumçusu Leandro Qomeşə də aiddir. “Bakı”nın digər braziliyalı oyunçusu Andre Ladaqa isə “İnter” ilə oyunda aldığı qırmızı vərəqədən sonra bir müddət cəzalı duruma düşdü və meydana qayıtdıqdan sonra lazımi oyun göstərmədi. Ladaqanın formada olmamağı millidə orta sahədə boşluq yaradırdı. Bundan əlavə, Ceyhun Sultanov Polşa ilə Bakıda oyunu cəza üzündən buraxır ki, bu da orta sahə ilə problemlərimizi artırır. Ceyhunu çıxış etdiyi mövqedə kiminlə əvəzləyəcəyimi hələ dəqiqləşdirməmişəm. Sultanovla “Xəzər-Lənkəran”dakı bir yerdə çıxış edən Emin Quliyev mərkəz yarımmüdafiəçisi mövqeyində də çıxış edir”. Ş.Diniyev ikinci dövrədən “Neftçi”də çıxış edən S.Əliyevin “Bakı” ilə oyunda uğurlu çıxışının milliyə dəvət almasında böyük təsirinin olduğunu vurğulayıb: “Samiri milliyə dəvət edib-etməməklə bağlı vaxtilə çox götür-qoy etmişəm. Hətta elə olub ki, Samirin beş oyununu izləyərək, ondan istədiyimi almamışam. Ancaq “Neftçi” “Bakı” görüşü bu mənada fərqləndi. Həmin matçda “Neftçi”yə qələbə qazandıran Samir bir oyunu ilə istədiyimi verdi. Biz millinin heyətində görmək istədiyimiz futbolçulara dəvət göndəririk. Milliyə gəlib-gəlməmək artıq onların işidir. İşin cəzalanma həddinə gəlib çatacağını istəməyərək, buna ehtiyac olmayacağına inanıram”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR